“Dövlət mühafizəsi dostluq əsasında təyin edilmir. Dövlət Mühafizəsi Xüsusi Xidmətinin tövsiyəsi olub və biz bu tövsiyəni nəzərə almışıq. Siyasətdə incimirlər, siyasətdə praqmatik qərarlar qəbul edirlər”.
InterPress.ge xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu barədə jurnalistlərin Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Mamuka Mdinaradze üçün dövlət mühafizəsinin ləğv edilməsi ilə bağlı sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, bu kimi məsələləri Dövlət Mühafizəsi Xüsusi Xidməti müzakirə edir və bütün qərarlar təhlükə səviyyəsinə uyğun müəyyənləşdirilir.
“Dövlət mühafizəsinə gəlincə, bu kimi məsələləri Dövlət Mühafizəsi Xüsusi Xidməti müzakirə edir və hər şey təhlükə səviyyəsinə uyğun müəyyənləşdirilir. Bu halda Dövlət Mühafizəsi Xüsusi Xidməti təhlükənin müvafiq səviyyədə olmadığı qənaətinə gəlib. Lakin bu qərara vaxtaşırı yenidən baxıla bilər və bu, Dövlət Mühafizəsi Xüsusi Xidmətinin tövsiyəsi əsasında həyata keçirilə bilər.
Mənim Mamuka Mdinaradze ilə dostluğuma gəlincə, dövlət mühafizəsi dostluq əsasında təyin edilmir. Dövlət Mühafizəsi Xüsusi Xidmətinin tövsiyəsi olub və biz bu tövsiyəni nəzərə almışıq”, – İrakli Kobaxidze bildirib.
Bidzina İvanişvili ilə münasibətlərinə gəlincə, Kobaxidze onların sıx əlaqələrinin olduğunu və bunun məntiqli olduğunu bildirib.
“Bidzina İvanişvili bizim siyasi komandamızda birinci şəxsdir. Mən ikinci şəxsəm. Buna görə də Bidzina İvanişvili ilə mənim aramda ən sıx münasibətlərin olması məntiqlidir”, – Baş nazir qeyd edib.
Bidzina İvanişvilinin Mamuka Mdinaradzedən incik olub-olmadığı barədə suala cavabında Kobaxidze “siyasətdə incimirlər” deyib.
“Bilin ki, siyasətdə incimirlər. Siyasətdə bütün məsələlərlə bağlı praqmatik qərarlar qəbul edilir. Bu qərarlar hüquqa və qanunlara əsaslanmalıdır. Hər şey qanunvericiliyə uyğun olmalıdır.
Biz çox məsələlər barədə danışırıq. İrakli Qaribaşvili və Liluаşviliyə gəlincə, bu baxımdan həmin məsələ aktual deyil və buna görə də bu sualların əsası yoxdur.
Mamuka Mdinaradzenin İrakli Qaribaşvili ilə heç bir əlaqəsi yoxdur. Yanıltmaq nə deməkdir? Yəni, cinayət törədilməyib və insan belə həbs olunub? Siz nələrisə işıqlandıranda, bizim isə öz komanda üzvümüzü müdafiə etməyimiz tamamilə məntiqli idi. Lakin məntiqsiz olan odur ki, siz illər ərzində bir insanın cinayətkar olduğunu iddia edirdiniz, indi isə onun günahsız olduğunu sübut etmək istəyirsiniz”, – Kobaxidze bildirib.
Mamuka Mdinaradze barəsində gələcəkdə cinayət işi başlanmasının istisna edilib-edilmədiyi ilə bağlı digər suala cavabında Baş nazir belə bir sualın heç bir əsası olmadığını bildirib.
“Bu, heç bir əsası olmayan sualdır. Belə bir sualın heç bir əsası yoxdur. İstənilən ölkədə siyasi hakimiyyətin komanda daxilindəki yerdəyişmələrlə bağlı şərh verməmək hüququ var. Komandamız daxilində dəyişikliklər baş verəndə, bəzi məsələlərə şərh vermək, bəzilərinə isə şərh verməmək hüququmuz var. Bu, siyasi qərar idi. Bu və ya digər qərarın konkret hansı əsaslarla qəbul edildiyi daxili məsələdir və bu barədə şərh verməmək hüququmuz var”, – Kobaxidze bildirib.
Qeyd edək ki, sabiq vitse-premyer və Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Mamuka Mdinaradzenin dövlət mühafizəsi ləğv edilib. Bu barədə Baş nazir İrakli Kobaxidzenin noyabrın 20-də imzaladığı sərəncamda qeyd olunub.
