Noyabrın 24-də günün sonundan noyabrın 26-sı səhər saatlarınadək Gürcüstanın qərbində, eləcə də Samtsxe-Cavaxeti və Mtsxeta-Mtianeti bölgələrində fasilələrlə güclü yağıntı gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, yağıntılarla yanaşı, şimşək çaxması, dağlıq ərazilərdə bəzi yerlərdə güclü qar, duman, çovğun, yollarda buzlaşma, yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi, dənizdə isə 4-5 ballıq fırtına ehtimal olunur.
Ölkə ərazisinin əksər hissəsində, o cümlədən paytaxt Tbilisidə qərb istiqamətindən güclü külək əsəcək.
“Gözlənilən güclü yağıntılar Qərbi Gürcüstan çaylarının və onların qollarının aşağı axınında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, Acarıstan-Quriyanın kiçik çaylarında daşqınlara, təpəlik və dağlıq ərazilərdə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə, şəhər yaşayış məntəqələrində isə ayrı-ayrı ərazilərin su altında qalmasına səbəb ola bilər.
Dağlıq ərazilərdə güclü qar, çovğun, görmə məsafəsinin pisləşməsi və yollarda buzlaşma, yüksək dağlıq ərazilərdə isə əlavə olaraq qar uçqunu təhlükəsi səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.
Təhlükə səviyyəsi – orta”, – məlumatda qeyd olunub.
.jpg)