“Ümumilikdə, kommersiya məqsədli surroqatlığa icazə verilən 7 ölkə var idi, indi isə 6 ölkə qalacaq. Bu sahədə etik baxımdan çoxsaylı problemlər mövcuddur. Əsas problem qadınların istismarıdır və bu, birbaşa surroqatlıqla bağlıdır. Buna görə də prinsipial qərar qəbul etdik”.
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə surroqatlığın tam qadağan edilməsi qərarı ilə bağlı açıqlamasında bildirib.
O, surroqatlığın qismən tənzimlənməsinin nə üçün nəzərdə tutulmadığını da izah edib. Baş nazirin sözlərinə görə, surroqatlıq necə tənzimlənməsindən asılı olmayaraq, istismar problemi aradan qalxmır.
“Surroqatlıqla bağlı müxtəlif problemlər mövcuddur. Ümumilikdə, kommersiya məqsədli surroqatlığa icazə verilən 7 ölkə var idi, indi isə 6 ölkə qalacaq. Bu sahədə etik baxımdan çoxsaylı problemlər var. Əsas problem qadınların istismarıdır və bu, birbaşa surroqatlıqla bağlıdır. Surroqatlıq adlanan hadisə, ilk növbədə, qadınların istismarı baxımından çox ağır bir prosesdir.
Buna görə də biz prinsipial qərar qəbul etdik. Bu sektorun ölkə iqtisadiyyatında müəyyən payı olmasına baxmayaraq, məhz etik mülahizələrdən çıxış edərək prinsipial qərar verdik.
Qadının istismarı surroqatlığın zəruri elementidir. İstismarı necə tənzimləməyindən asılı olmayaraq, istismar yenə də istismar olaraq qalır. Buna görə də tənzimləmə əsas problemi həll etmir”, – Kobaxidze bildirib.
Jurnalistin “Surroqatlıq problemdir, bəs qumar oyunlarının təşviqi millətin xilasıdır?” sualına cavabında Kobaxidze bu iki məsələnin tamamilə fərqli olduğunu bildirib. O, həmçinin qumar biznesinə kəskin müdaxilənin iqtisadiyyata və turizmə zərər vuracağını qeyd edib.
“Bunlar iki fərqli məsələdir. Gürcüstanda kazinolar uzun illərdir fəaliyyət göstərir və bu sektor, o cümlədən, turizm sahəsinin tərkib hissələrindən biridir. Bu sahə belə inkişaf edib. Buna görə də bu sektora birdən-birə və kəskin müdaxilə ölkə iqtisadiyyatı və turizm üçün ciddi, fundamental problemlərə səbəb olacaq.
Biz heç nəyi asanlaşdırmırıq. Bununla bağlı deyilənlər yalan idi. Əksinə, konkret istiqamət müəyyən çərçivələrə salınıb, heç bir sadələşdirmə olmayıb.
Biz Patriarxlıqla daim əlaqə saxlayırıq və bu baxımdan heç bir problem yoxdur. Əlbəttə, surroqatlıq məsələsi ilə bağlı da məsləhətləşmələrimiz olub. Onların mövqeyi ondan ibarət idi ki, surroqatlığın qadağan edilməsi daha məqsədəuyğundur.
Biz mütəmadi olaraq məsləhətləşmələr aparırıq. Son nəticədə, əlbəttə, bütün məsələlərlə bağlı dövlət öz müstəqil və suveren qərarını qəbul edir. Bununla belə, qərarların qəbul edilməsi prosesinin çox mühüm tərkib hissəsi Patriarxlığın və Kilsənin dinlənilməsi, onların fikirlərinin nəzərə alınmasıdır. Surroqatlıq məsələsi ilə bağlı məsləhətləşmələr də məhz bu qaydada aparılıb”, – Kobaxidze bildirib.
