“ABŞ hakimiyyəti tərəfindən bu yaxınlarda açıqlanan sənədlər USAID-in müxtəlif ölkələrdə yaratdığı xarici informasiya təsir şəbəkələrinin necə təşkil olunduğunu aydın şəkildə göstərir. Həmçinin məlum olur ki, bu şəbəkələrin təşkilində xarici dövlətlərin təhlükəsizlik xidmətləri ilə əməkdaşlıq və gizli informasiya əməliyyatları aparmaq təcrübəsi olan şirkətlər iştirak edib”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, Britaniyanın Zinc Network şirkəti Gürcüstanın qeyri-hökumət təşkilatları, media qurumları və vətəndaş fəallarından vahid şəbəkə yaradıb. Papuaşvilinin bildirdiyinə görə, Gürcüstan cəmiyyətinin xarici yardımın harada başa çatdığını və Gürcüstan vətəndaşlarının siyasi seçimlərinə təsir göstərməyə yönəlmiş fəaliyyətin harada başladığını bilmək hüququ var.
Papuaşvilinin iddiasına əsasən, sənədlər Avropa İttifaqının Gürcüstanın daxili işlərinə müdaxilə etmək məqsədilə ABŞ-ın əvvəlki administrasiyası tərəfindən yaradılmış xarici informasiya təsir şəbəkələrindən istifadə etdiyini təsdiqləyir.
“ Sənədlərdə arzuolunan narrativlərin gücləndirilməsi, arzuolunmaz hesab edilən məlumatların yayılmasının məhdudlaşdırılması və sosial şəbəkələrdə ayrı-ayrı səhifələrin silinməsi mexanizmləri təsvir olunur.
Gürcüstanda bu cür fəaliyyətin təşkilatçılarından biri Britaniyanın Zinc Network şirkəti olub. Şirkət Gürcüstanın qeyri-hökumət təşkilatları, media qurumları və vətəndaş fəallarından vahid şəbəkə yaradıb. Sənədlərdən məlum olur ki, xarici informasiya təsir şəbəkəsinin formal təzahürlərindən biri “İnformasiya Etibarlılığı Koalisiyası” olub.
Açıqlanmış daxili sənədlərdə şəbəkənin fəaliyyətinin məqsədinin “insanların münasibətlərini, baxışlarını və davranışlarını dəyişdirmək” olduğu açıq şəkildə qeyd edilib. Diqqətəlayiqdir ki, bu fəaliyyətin USAID-in səlahiyyətlərinə uyğunluğu hətta ABŞ qurumunun əməkdaşlarında da suallar doğurub.
Məhz bu sənədlər kontekstində 2024-cü il parlament seçkiləri ərəfəsində həmin şəbəkəyə daxil olan təşkilatların apardığı kampaniyalara da nəzər salmaq lazımdır. Onların sifarişçisi kim olub, kampaniyaları kim həyata keçirib, iştirakçılar arasında hansı maliyyə və təşkilati əlaqələr mövcud olub? Bu suallara cavab verilməsi bu gün daha da vacibdir.
Gürcüstan cəmiyyətinin xarici yardımın harada başa çatdığını və Gürcüstan vətəndaşlarının siyasi seçimlərinə təsir göstərməyə yönəlmiş fəaliyyətin harada başladığını bilmək hüququ var. Xüsusilə də xarici maliyyələşmə hesabına fəaliyyət göstərən təşkilatların bir qisminin seçki prosesinin qiymətləndirilməsində iştirak etdiyi bir vaxtda.
Bu paylaşımıma seçkilərə iki gün qalmış, 2024-cü il oktyabrın 24-də məhz həmin şəbəkə tərəfindən yayımlanmış təşviqat videosunu da əlavə edirəm. Bu video, bir tərəfdən, Aİ-nin səfiri Pavel Herçinskinin seçki təşviqatında iştirakını bir daha təsdiqləyir. Bu isə həm beynəlxalq hüququn, həm də Gürcüstan qanunvericiliyinin pozulmasıdır.
Lakin bundan da qalmaqallı məqam odur ki, bu fakt Avropa İttifaqının Gürcüstanın daxili işlərinə müdaxilə etmək üçün ABŞ-ın əvvəlki administrasiyası tərəfindən yaradılmış xarici informasiya təsir şəbəkələrindən istifadə etdiyini təsdiqləyir.
Bu şəbəkənin Facebook səhifəsi – www.facebook.com/infointegritycoalition – belə 2024-cü il parlament seçkiləri zamanı Gürcüstanın xarici informasiya manipulyasiyası və müdaxiləsi yolu ilə hibrid hücumun hədəfinə çevrildiyini, bu hücumun arxasında isə USAID-lə yanaşı, Brüsselin də dayandığını təsdiqləmək üçün kifayət qədər sübutdur”, – deyə Şalva Papuaşvili sosial şəbəkədə yazıb.
