Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan və Rusiya tərəfləri arasında növbəti görüşlərin Tbilisi və Moskvada keçirilə biləcəyini təsdiqləyib.
InterPress.ge xəbər verir ki, Kobaxidzenin sözlərinə görə, Moskvaya xarici işlər nazirinin birinci müavini deyil, Baş nazirin xüsusi nümayəndəsi səfər edəcək.
İrakli Kobaxidze bildirib ki, görüşlərin Moskva və Tbilisidə keçirilməsi heç bir risk yaratmır və bunun Rusiya ilə diplomatik münasibətlərin bərpası ilə heç bir əlaqəsi yoxdur.
Baş nazir, həmçinin qeyd edib ki, nə bayraqların yerləşdirilməsi, nə də görüşlərin Moskva və Tbilisidə keçirilməsi tanımama siyasəti prinsipinə ziddir.
“Bu görüşlər, əlbəttə ki, Moskva və Tbilisidə də keçirilə bilər. Əgər belə yanaşma olacaqsa, görüşlərin növbə ilə Moskva və Tbilisidə keçirilməsi prinsipial baxımdan çox vacibdir.
Burada əsas məsələ prinsiplərə riayət olunmasıdır. Bu prinsiplərin qorunması baxımından həlledici məqam Moskvaya xarici işlər nazirinin birinci müavininin deyil, Baş nazirin xüsusi nümayəndəsinin səfər etməsidir.
Bu format tanınma məsələsi və ya hər hansı digər istiqamətlə bağlı müəyyən risklər ehtiva edə bilməz. Görüşlərin Moskva və Tbilisidə keçirilməsi heç bir risk yaratmır.
Əsas odur ki, heç bir jest tanımama siyasətinə kölgə salmasın. Nə orada bayraqların yerləşdirilməsi, nə də görüşlərin Moskva və Tbilisidə keçirilməsi tanımama prinsipinə ziddir”, – deyə Kobaxidze bildirib.
Baş nazir, həmçinin əlavə edib: “Moskvada Gürcüstan bayrağının dalğalanması möhtəşəm hadisədir”.
