25 
Dek
2020
20:37
795

Aşıq Kamandarın Ev Muzeyinin təmirdən sonra açılışı gözlənilir - FOTO

Azərbaycan ozan-aşıq sənətinin korifey sənətkarlardan biri də Aşıq Kamandar Əfəndiyev olmuşdur. Ünlü ustad bu əbədiyaşar sənətin zənginləşməsi və inkişafında misilsiz xidmətlər göstərmişdir. Borçalı aşıq məktəbinin yetirməsi olan Aşıq Kamandar “Azərbaycanın əməkdar mədəniyyət işçisi” (1984) fəxri adına və Gürcüstanın yüksək mükafatı olan “Şərəf” ordeninə (1999) layiq görülmüşdür.

2012-ci ildə sənətkarın 80 illik yubileyi həm Tbilisi, həm də Bakı şəhərində dövlət səviyyəsində qeyd edilmişdir. Elə həmin ildə Aşıq Kamandarın Ev Muzeyi yaradılmış və 2013-cü ildə orada büstü qoyulmuşdur. Gürcüstanda rəsmi qeydiyyatda olan Aşıq Kamandarın Ev Muzeyi bu yaxınlarda Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Gürcüstan nümayəndəliyi tərəfindən dünya muzeyləri standartlarına uyğun olaraq təmir edilməyə başlanılmışdır. Təmir işlərini TİKA-nın Gürcüstan koordinatoru Necla Demirdağın rəhbərliyi ilə Gürcüstanda muzeylərin bərpası və qurulması üzrə təcrübəli mütəxəssisləri aparır. Aşığın Ev Muzeyinin təmir işlərinin məsləhətçisi folklorşünas, professor Mahmud Kamaloğludur.

24 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və Türkiyə Cumhuriyyətinin Gürcüstandakı böyük elçisi Fatma Ceren Yazqan muzeyin təmiri işlərinin gedişi ilə yaxından tanış olmaq üçün muzeyin yerləşdiyi Marneuli rayonunun Kəpənəkçi kəndində olublar. Hər iki qardaş ölkənin diplomatları türk xalqlarına məxsus olan ozan-aşıq sənətinin tarixi, bu sənətin bölgədəki digər xalqlara təsiri barədə fikir mübadiləsi aparılıb. Diplomatlar muzeylə bağlı öz məsləhət və tövsiyələrini vermiş, gələcəkdə də bölgədəki belə mədəniyyət ocaqlarının fəaliyyətinə əllərindən gələn hər cür dəstəklərini verəcəklərini vurğulayıblar.

Qeyd edilməlidir ki, Aşıq Kamandarın Ev Muzeyinin təmir işləri son tamamlama mərhələsindədir və yeni 2021-ci ilin ilk aylarında bu mədəniyyət ocağının ziyarətçilərin ixtiyarına verilməsi gözlənilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər