Azərbaycan səfirliyi Zümrüd Qurbanovun vəfat etməsi ilə əlaqədar baş sağlığı verir
Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi fəal ictimai xadim Zümrüd Qurbanovun vəfat etməsi ilə əlaqədar baş sağlığı verib.
Bu barədə məlumat InterPress.ge-yə Azərbaycanın Gürcüstandakı səfirliyindən verilib.
Baş sağlığında deyilir: "Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi fəal ictimai xadim, Gürcüstan Parlamentinin sabiq deputatı, Zümrüd Hacı oğlu Qurbanovun 13 noyabr 2020-ci il tarixində qəfil dünyasının dəyişməsi barədə xəbərdən dərin kədər hissini keçirir.
Zümrüd Qurbanov anadan olduğu və vəfat etdiyi Marneuli rayonunun Qızılhacılı kəndinə, doğma diyara bağlı olan Gürcüstan dövlətinin əsl vətənpərvəri kimi xatirəmizdə qalacaq. Məhz onun kübar vətəndaşlıq duyğuları, Vətən sevgisi onu 1980-ci illərin sonu – 1990-ci illərin əvvəllərində yaranan “Qeyrət” Xalq Hərəkatının təşəbbüskarlarından biri kimi çıxış etməyə və ömrünün sonuna kimi fəal mövqe tutmağa vadar edib.
Mərhum Z.Qurbanov həm qeyri-hökumət təşkilat qismində işinə davam edən “Qeyrət”in təsisçisi, ictimai xadim, həm də Gürcüstan Parlamentinin sabiq deputatı, dövlət nümayəndəsi kimi, Gürcüstandakı azərbaycanlıları maraqlarının qorunması, onların Gürcüstan dövlətinin möhkəmlənməsinə töhfələrinin təşviq edilməsi, ölkədə icmalararası sabitliyin qorunması və şübhəsiz ki, strateji tərəfdaşlıq xarakteri daşıyan Gürcüstan-Azərbaycan münasibətlərinin təbliğ edilməsi üçün var gücü ilə çalışırdı.
Təsadüfi deyil ki, onun xidmətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən yüksək dəyərləndirilmış və o, 2016-ci ildə “Tərəqqi” medalına layiq görülmüşdür. Zümrüd Qurbanov öz ictimai-siyasi, habelə bədii ədəbiyyat fəaliyyəti ilə müstəqil Gürcüstan dövlətinin bərabərhüquqlu vətəndaşları olan soydaşlarımızın yaddaşında həmişə əziz xatirələrlə yad ediləcəkdir.
Səfirlik mərhumun ailə üzvləri və yaxınlarına dərin hüznlə başsağlığı yetirir, yeri behişt olsun deyir. Əminik ki, Zümrüd Qurbanovun ömrünü həsr etdiyi nəcib fəaliyyət onun yetişdirdiyi icma fəalları tərəfindən layiqincə davam etdiriləcəkdir.
Allah rəhmət eləsin!".


