Gürcüstan İdlibdə Türkiyə hərbçilərinə hücumu pisləyib
Gürcüstan Xarici İşlər Nazirliyində nazir müavini Aleksandr Xvtisiaşvili ilə Türkiyənin Gürcüstandakı səfirinin baş katibi Onur Sevim arasında görüş olub.
InterPress.ge Gürcüstan XİN-ə istinadən xəbər verir ki, görüşdə tərəflər İdlibdəki vəziyyəti müzakirə ediblər. Türkiyə tərəfi Gürcüstan XİN-ə monitorinq nöqtəsində baş verən hücumla bağlı məlumat verib. Nazir müavini öz növbəsində Türkiyə hərbçilərinə edilən hücumu pisləyib və hərbçilərin şəhid olmasına görə başsağlığı verib.
“Biz Əsəd rejiminin İdlibdə Türkiyə Silahlı Qüvvələrinə hücumundan narahatıq. Bugünkü görüşdə İdliblə bağlı detalları müzakirə etdik. Biz strateji tərəfdaşımız olan Türkiyəni dəstəkləyirik və hücumun qurbanlarının ailələrinə, həmçinin Türkiyə xalqına öz başsağlığımızı veririk”, - deyə A. Xvtisiaşvili bildirib.