14 
Okt
2020
16:09
1932

İlham Əliyev Gürcüstan azərbaycanlılarını və erməniləri nümunə gətirdi

"Gürcüstanda 300 mindən çox azərbaycanlı və təqribən 200 minə yaxın erməni əhali var. Bəzi kəndlərdə onlar bir yerdə yaşayırlar, bir kənddə. Onların arasında hər hansı bir problem yoxdur".

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalının jurnalistinin sualını cavablandırarkən deyib.

Sual aşağıdakı kimi olub:

- Cənab Prezident, bu fikirlərinizdən başa düşdüyüm qədər, Siz, təkcə əməliyyatı deyil, əməliyyat sonrasını da izah etdiniz, mərhələ-mərhələ konsepsiyasından bəhs etdiniz. Ancaq bilirik ki, münaqişə dövründə çox böyük kədər yaşandı, Qarabağda 30 min Azərbaycan türkü həlak oldu, şəhid oldu. Yenidən o coğrafiyada xalqlar birlikdə yaşaya biləcəkmi? Yaxud, ermənilər və Azərbaycan türkləri ayrı-ayrı rayonlarda yaşayacaqlar? Necə bir planlaşdırma olacaq?

"- Bilirsiniz, Azərbaycan xalqı çox xeyirxah xalqdır. Məhz ona görə Azərbaycanda onlarla digər xalqların nümayəndələri yaşayırlar, sülh, ləyaqət içində yaşayırlar. Odur ki, mən tam əminəm, ermənilər və azərbaycanlılar o bölgələrdə bir yerdə yaşaya bilərlər. Necə ki, bu gün Azərbaycanın digər yerlərində, necə ki, məsələn Gürcüstanda. Gürcüstanda 300 mindən çox azərbaycanlı və təqribən 200 minə yaxın erməni əhali var. Bəzi kəndlərdə onlar bir yerdə yaşayırlar, bir kənddə. Onların arasında hər hansı bir problem yoxdur. Onlar normal qonşu kimi yaşayırlar, Rusiyada da, Ukraynada da, digər ölkələrdə də. Niyə də bunu burada edə bilmərik?

Mən hesab edirəm ki, biz buna hazır olmalıyıq. Biz xalqlarımızı buna hazırlamalıyıq. Mənim bu gün sizə dediyim sözlər Azərbaycan xalqı tərəfindən qəbul edilir və dəstəklənir. Bu, eyni zamanda, bu gün Dağlıq Qarabağda yaşayan ermənilərə də mənim müraciətimdir. Onlar bilsinlər ki, Azərbaycan xalqı onların düşməni deyil. Sadəcə olaraq, Azərbaycan xalqı öz dədə-baba torpaqlarında yaşamaq istəyir. Buna Azərbaycan xalqının haqqı var. Onlar da yaşasınlar, biz də yaşayaq. Amma bizi qovsunlar, onlar yaşasınlar, bu, ədalətli deyil. Biz buna heç vaxt razı ola bilmərik.

Əlbəttə ki, hər bir müharibə sülh ilə nəticələnir. Ona görə, indi biz müharibədən sonrakı mərhələyə də baxmalıyıq. Əgər hər iki tərəfdə güclü siyasi iradə olarsa və beynəlxalq təşkilatlar bu məsələdə bizə kömək edərsə, hesab edirəm ki, buna nail olmaq mümkün olacaq. O qədər də asan olmayacaq. Ancaq biz çalışmalıyıq ki, buna nail olaq", - deyə ölkə başçısı qeyd edib.

Bizimlə əlaqə saxlayın