13 
Okt
2026
23:25
117

Yeni Azərbaycan Partiyası Oktay Saral və AKP nümayəndələrinin Azərbaycanla bağlı açıqlamalarına etiraz edib

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkillərinin Azərbaycanla bağlı səsləndirdikləri fikirlərə münasibət bildirib.

InterPress.ge xəbər verir ki, bu barədə YAP-ın Mətbuat Xidmətinin yaydığı açıqlamada qeyd olunub.

Açıqlamada bildirilib ki, uzun müddətdir Türkiyənin bir sıra media orqanlarında və sosial şəbəkələrdə, o cümlədən AKP hakimiyyətinə yaxınlığı ilə tanınan informasiya resurslarında Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli, böhtan və iftira xarakterli məlumatlar yayılır.

YAP qeyd edib ki, iki partiya arasındakı tərəfdaşlıq münasibətlərini, eləcə də Azərbaycan və Türkiyə xalqlarını birləşdirən tarixi qardaşlıq və dostluq əlaqələrini nəzərə alaraq, indiyədək belə hallara münasibətdə təmkin nümayiş etdirib. Məqsədin ayrı-ayrı dairələrin məsuliyyətsiz davranışlarının iki ölkə və xalq arasındakı münasibətlərə mənfi təsir göstərməsinə imkan verməmək olduğu vurğulanıb.

Bununla belə, partiya son dövrlərdə Azərbaycana qarşı informasiya kampaniyasının daha aqressiv, sistemli və açıq böhtan xarakteri aldığını, xüsusilə Türkiyə Prezidentinin baş müşaviri və AKP-dən olan millət vəkillərinin bu kampaniyaya qoşulmasının məsələyə açıq münasibət bildirməyi zəruri etdiyini bildirib.

YAP Azərbaycan-İsrail münasibətlərinin məqsədli şəkildə təhrif olunmasını, bu əlaqələrə müstəsna xarakter verilməsini və bundan Azərbaycan əleyhinə siyasi ittihamlar irəli sürülməsi cəhdlərini qətiyyətlə rədd edib. Açıqlamada bildirilib ki, Azərbaycan İsraillə beynəlxalq hüquq normalarına və qarşılıqlı maraqlara əsaslanan dövlətlərarası münasibətlərə malikdir.

Partiya Azərbaycanın Fələstin məsələsində mövqeyinin ardıcıl və prinsipial olduğunu da vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Fələstin xalqının qanuni hüquqlarını dəstəkləyib, Fələstinə maliyyə və humanitar yardımlar göstərib. Fələstin Prezidenti Mahmud Abbas və Baş nazir Məhəmməd Mustafa müxtəlif vaxtlarda Azərbaycana səfər ediblər. Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin fəaliyyəti də Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə təmin olunur.

Açıqlamada Prezident İlham Əliyevin beynəlxalq tribunalardan Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələri əsasında, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması şərti ilə “iki dövlət” prinsipi əsasında həllini dəstəklədiyini dəfələrlə bəyan etdiyi bildirilib. Qəzzadakı hadisələrlə bağlı Azərbaycanın mövqeyinin humanitar dəyərlərə, mülki əhalinin müdafiəsinə və beynəlxalq hüquqa əsaslandığı qeyd olunub.

YAP Azərbaycanın İslam dünyası ilə münasibətlərinin siyasi konyunkturaya deyil, qarşılıqlı hörmət, bərabərlik və həmrəylik prinsiplərinə söykəndiyini bildirib. Partiyanın açıqlamasında 2027-ci ildə Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşünün keçirilməsinin nəzərdə tutulması da ölkəyə göstərilən beynəlxalq etimadın ifadəsi kimi təqdim edilib.

Açıqlamada vurğulanıb ki, İslam dünyasında heç bir dövlətin digər müsəlman xalqlarına öz iradəsini diktə etmək, onların daxili işlərinə müdaxilə etmək və ya özünü digərlərindən üstün tutmaq hüququ yoxdur. YAP hesab edir ki, müsəlman dünyasının birliyinə xidmət etmək iddiası hegemonluq meyilləri ilə deyil, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı ehtiramla təsdiqlənməlidir.

Partiya Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və AKP-dən olan millət vəkillərinin Azərbaycanın konstitusion quruluşunu və dini etiqad azadlığının hüquqi əsaslarını nəzərə almadan populist və məsuliyyətsiz açıqlamalar verməsindən təəssüfləndiyini bildirib. Qeyd olunub ki, bu cür bəyanatlar Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin ruhuna ziddir və ictimai müstəvidə süni gərginlik yarada bilər.

YAP Azərbaycanın dini etiqad azadlığının Konstitusiya ilə təmin olunduğunu, dövlətin bütün dinlərin nümayəndələrinə bərabər münasibət göstərdiyini və dini müxtəlifliyi cəmiyyətin zənginliyi hesab etdiyini vurğulayıb.

Partiyanın açıqlamasında təhsil sahəsində tətbiq olunan qaydaların bərabərlik, dünyəvilik, qanunun aliliyi və bütün vətəndaşlar üçün bərabər imkanların təmin edilməsi prinsiplərinə əsaslandığı bildirilib. Azərbaycanın dünyəvi dövlət quruluşunun və təhsil siyasətinin siyasi manipulyasiya predmetinə çevrilməsi qəbuledilməz hesab edilib.

YAP Türkiyədə dini və dünyəvi dəyərlərlə bağlı siyasi müzakirələrin cəmiyyətdə qütbləşməni dərinləşdirdiyini qeyd edərək, hicab kimi həssas məsələlərdən siyasi manipulyasiya və bölücülük vasitəsi kimi istifadə olunmasının nə Türkiyə xalqının birliyinə, nə də müsəlman dünyasının həmrəyliyinə xidmət etdiyini bildirib. Partiya AKP hakimiyyətini bu cür siyasətdən çəkinməyə çağırıb.

Açıqlamada Prezident İlham Əliyevin şəxsiyyətinə qarşı bəzi informasiya resurslarında səsləndirilən təhqir, böhtan və iftira xarakterli fikirlərin də Azərbaycan ictimaiyyətində narazılıq doğurduğu qeyd olunub.

YAP Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi “Bir millət, iki dövlət” prinsipinin Azərbaycan-Türkiyə münasibətlərinin mənəvi və siyasi təməli olduğunu xatırladıb. Bildirilib ki, bu prinsip heç bir halda bir dövlətin digərinin daxili işlərinə müdaxilə etməsinə və ya öz siyasi-ideoloji yanaşmalarını ona qəbul etdirməsinə əsas vermir.

Sonda Yeni Azərbaycan Partiyası AKP təmsilçilərini, xüsusilə yüksək dövlət vəzifələri daşıyan şəxsləri siyasi məsuliyyət nümayiş etdirməyə, Azərbaycanın suverenliyinə, konstitusion quruluşuna və daxili işlərinə hörmətlə yanaşmağa çağırıb.

Partiya Türkiyənin müvafiq siyasi dairələrinin bu cür açıqlamalardan düzgün nəticə çıxaracağına və Azərbaycan-Türkiyə münasibətlərinə zərər verə biləcək addımlardan çəkinəcəyinə ümid etdiyini bildirib.

Bizimlə əlaqə saxlayın