Kreditlərin verilməsi qaydaları sərtləşdirilir
Gürcüstanda fiziki şəxslərin kreditləşdirilməsi qaydalarına dəyişiklik edilir. Gürcüstan Milli Bankının Maliyyə Sabitliyi Komitəsinin qərarına əsasən, dəyişiklik kreditə xidmət əmsalına (PTI) aiddir.
InterPress.ge xəbər verir ki, indiyədək kreditə xidmət əmsalı üzrə 25%-lik tələb gəliri 1 500 lariyə qədər olan şəxslərə şamil edilirdi. Yeni qərara əsasən, 2027-ci il fevralın 1-dən bu hədd əvvəlcə 2 000 lariyə, daha sonra isə 2 500 lariyə qədər artırılacaq.
Milli Bank dəyişiklikləri son illərdə iqtisadi artımın yüksək olması və bunun nəticəsində əməkhaqlarının artması ilə izah edir. Qurum bildirir ki, mövcud sabit hədlər borcalanların gəlirlərinin hazırkı bölgüsünü və borc yükünü artıq lazımi səviyyədə əks etdirmir.
“PTI əmsalı üzrə hədlərin ilkin qiymətləndirilməsi 2017-ci ilin statistik məlumatlarına əsaslanırdı. Bu məlumatlar 2022-ci ildə bir sıra iqtisadi nominal göstəricilərin artması fonunda yenilənib. Hazırkı mərhələdə həmin əmsal üzrə hədlərin yenidən kalibrlənməsi zərurəti yaranıb.
Son illərdə yüksək iqtisadi artımla yanaşı, əməkhaqları və digər nominal göstəricilər əhəmiyyətli dərəcədə artıb. Bunun nəticəsində mövcud sabit hədlər borcalanların gəlirlərinin hazırkı bölgüsünü və borc yükünü lazımi səviyyədə əks etdirmir.
PTI hədlərinin dəyişdirilmədən saxlanılması halında borcalanların bir gəlir kateqoriyasından digərinə keçməsi əsasən nominal gəlirlərin artımı ilə bağlı ola bilər. Bu isə onların real ödəmə qabiliyyətində və ya risk profilində əhəmiyyətli dəyişikliklə əlaqəli olmaya bilər.
Müvafiq olaraq, hədlərin yenilənməsi PTI çərçivəsinin mövcud iqtisadi şəraitə uyğunlaşdırılmasını və makroprudensial siyasətin ilkin mövqeyinin qorunmasını hədəfləyir. Bu baxımdan Komitə sözügedən makroprudensial alətin yenidən kalibrlənməsini məqsədəuyğun hesab edib.
Bununla yanaşı, dəyişikliyin kəskin və birdəfəlik təsirinin qarşısını almaq və onun təsirini zaman üzrə bölüşdürmək məqsədilə Komitənin qərarı ilə kreditə xidmət əmsalı üzrə hədd mərhələli şəkildə artırılacaq.
Belə ki, indiyədək kreditə xidmət əmsalı üzrə 25%-lik tələb gəliri 1 500 lariyə qədər olan şəxslərə şamil edilirdisə, bu hədd 2027-ci il fevralın 1-dən 2 000 lariyə, 2027-ci il sentyabrın 1-dən isə 2 500 lariyə qədər artırılacaq.
Bu dəyişiklik borcalanların həddindən artıq borclanması risklərinin azaldılmasına və maliyyə sisteminin dayanıqlığının qorunmasına xidmət edir”, – Gürcüstan Milli Bankının Maliyyə Sabitliyi Komitəsinin qərarında qeyd olunub.


