Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Zəlimxan Yaqubun doğulduğu ocağı ziyarət edib
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev sentyabrın 26-da Xalq şairi Zəlimxan Yaqubun Gürcüstanda doğulub boya-başa çatdığı ocağı ziyarət edib.
InterPress.ge xəbər verir ki, səfir şairin anası ilə görüşüb, onun səhhəti və vəziyyəti ilə maraqlanıb, həmçinin Zəlimxan Yaqubun həyatı və yaradıcılığı ilə bağlı xatirələrini dinləyib.
Faiq Quliyev, həmçinin Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə yerində tanış olub. Səfir layihənin əhəmiyyətini vurğulayıb və tikinti prosesinə dəstək göstəriləcəyini bildirib.
Qeyd olunub ki, Zəlimxan Yaqubun zəngin ədəbi irsinin, milli-mənəvi dəyərlərə bağlılığının və əziz xatirəsinin gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır.


