İrakli Kobaxidze Nyu-Yorkda Rəcəb Tayyib Ərdoğanla görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nyu-Yorkda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
InterPress.ge xəbər verir ki, görüş zamanı Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın yüksək səviyyəsi və müxtəlif sahələrdə uğurlu əməkdaşlıq vurğulanıb.
Xüsusi diqqət siyasi və iqtisadi əlaqələrin inkişafındakı müsbət dinamikaya yönəldilib. Türkiyənin Gürcüstanın ən böyük ticarət tərəfdaşı olaraq qaldığı qeyd olunub.
Tərəflər region üçün əhəmiyyət daşıyan və regional inkişafla yanaşı, əlaqəliliyin gücləndirilməsinə mühüm töhfə verən birgə strateji layihələri müzakirə ediblər. Bu kontekstdə tam istismara verilən Bakı–Tbilisi–Qars dəmir yolunun əhəmiyyəti vurğulanıb.
Görüşdə nəqliyyat və energetika sahələrində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.
Regionun davamlı və sabit inkişafı üçün sülhün xüsusi əhəmiyyəti vurğulanıb.
İrakli Kobaxidze görüş barədə özünün X sosial şəbəkə hesabında da paylaşım edib.
“BMT Baş Assambleyasının çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüm. Gürcüstan və Türkiyə arasında uzun illərdir davam edən strateji tərəfdaşlığı müzakirə etdik və qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığı daha da gücləndirməyə hazır olduğumuzu bir daha təsdiqlədik”, – deyə baş nazir bildirib.


