12 
Sen
2026
13:28
54

Gürcüstanda miqrasiya qaydalarını pozan 59 xarici ölkə vətəndaşı saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları xüsusi miqrasiya nəzarəti tədbirləri nəticəsində 59 xarici ölkə vətəndaşını saxlayıblar.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxslərin ölkədə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Gürcüstan qanununun tələblərini pozaraq yaşadıqları müəyyən edilib.

“Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları ölkə üzrə xüsusi miqrasiya nəzarəti tədbirləri həyata keçiriblər.

Kompleks tədbirlər nəticəsində 59 qanunsuz miqrant saxlanılıb. Onların arasında Keniya, Türkiyə, Rusiya, Hindistan, Misir, Qana, Efiopiya, Özbəkistan, Filippin, Sudan, Kamerun, Çin və Azərbaycan vətəndaşları var.

Xüsusi miqrasiya nəzarəti tədbirləri çərçivəsində departament əməkdaşları Gürcüstanda qanuni əsas olmadan yaşayan xarici ölkə vətəndaşlarını aşkar etmək məqsədilə müəyyən məkanları və müxtəlif təyinatlı obyektləri yoxlayıblar.

Müəyyən edilib ki, saxlanılan şəxslər ölkədə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Gürcüstan qanununun tələblərini pozaraq olublar.

Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzində yerləşdiriliblər. Onların ölkədən çıxarılması məqsədilə müvafiq prosedurlar davam etdirilir.

Qeyd edək ki, qanunvericilik dəyişikliklərinin qüvvəyə minməsindən bu günədək Miqrasiya Departamentinin əməkdaşları xüsusi miqrasiya nəzarəti üzrə 160 tədbir keçiriblər. Nəticədə ümumilikdə 18 min xarici ölkə vətəndaşı yoxlanılıb, tədbirlər zamanı aşkarlanan 1000 qanunsuz miqrant isə artıq Gürcüstandan deportasiya olunub”, - deyə məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın