Tbilisidə mübahisə zəminində yeniyetmə öldürülüb
Tbilisidə qarşılıqlı mübahisə zəminində yeniyetmə öldürülüb. Hadisə ilə bağlı qəsdən adam öldürmə ittihamı ilə digər bir yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, saxlanılan şəxs yeniyetməyə soyuq silahdan istifadə etməklə bir neçə bıçaq xəsarəti yetirib.
“Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları isti izlərlə həyata keçirilən polis əməliyyatı nəticəsində qəsdən adam öldürmə ittihamı ilə yetkinlik yaşına çatmayan şəxsi saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 10 sentyabr tarixində Tbilisidə qarşılıqlı mübahisə zəminində soyuq silahdan istifadə etməklə yetkinlik yaşına çatmayan şəxsə bir neçə xəsarət yetirib və hadisə yerindən qaçıb.
Alınan xəsarətlər nəticəsində yeniyetmə hadisə yerində ölüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxsi isti izlərlə saxlayıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır. Həmin maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - deyə məlumatda bildirilib.


