09 
Sen
2026
11:23
92

Gürcüstanda abituriyentlər üçün əlavə qəbul prosesi başlayır

Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzinin məlumatına görə, 2026-cı il sentyabrın 14-də saat 11:00-dan sentyabrın 18-də saat 18:00-dək abituriyentlər əlavə qəbul prosesində iştirak edə və istədikləri sayda təhsil proqramı seçə biləcəklər.

InterPress.ge xəbər verir ki, əlavə qəbul prosesində 2026-cı il vahid milli imtahanlarında hər bir fənn üzrə müəyyən edilmiş minimum kompetensiya həddini keçən, lakin qəbul hüququ əldə edə bilməyən abituriyentlər iştirak edə biləcəklər.

Həmçinin, 2026-cı il vahid milli imtahanlarında hər bir fənn üzrə müəyyən edilmiş minimum kompetensiya həddini keçə bilməyən, lakin peşə təhsili proqramları üçün müəyyən edilmiş minimum kompetensiya həddini aşan şəxslər də əlavə qəbul prosesində iştirak etmək hüququna malik olacaqlar.

“Ali və peşə təhsili müəssisələrinin təhsil proqramları və abituriyentlər üçün ayrılan qəbul yerləri barədə ətraflı məlumat yenilənmiş elektron bukletdə – ‘Abituriyentlər üçün məlumat kitabçası’nda təqdim olunacaq. Kitabça sentyabrın 11-də Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin rəsmi internet səhifəsində yayımlanacaq.

Həmin internet səhifəsində qeydiyyat platforması və təhsil proqramlarının seçilməsi ilə bağlı da məlumat yerləşdiriləcək”, - deyə məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın