Ermənistanın keçmiş prezidenti Robert Köçəryana 2 aylıq həbs cəzası verilib
Ermənistanın keçmiş prezidenti Robert Köçəryana 2 aylıq həbs qətimkan tədbiri seçilib.
InterPress.ge xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsinə istinadən erməni mediası məlumat yayıb.
Antikorrupsiya Məhkəməsi istintaqın vəsatətini tam təmin edərək Robert Köçəryan barəsində həbs qətimkan tədbiri seçib. Bu barədə Antikorrupsiya Komitəsinin mətbuat katibi məlumat verib.
Bununla yanaşı, mediada yayılan məlumata görə, gecə saatlarında Köçəryanın səhhəti yenidən pisləşib və o, xəstəxanaya yerləşdirilib. Məlumata əsasən, keçmiş prezident təxminən iki həftə əvvəl ürək əməliyyatı keçirib.
Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və onun oğlu avqustun 25-də saxlanılıb. Köçəryana vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və xüsusilə külli miqdarda pulun leqallaşdırılması ittihamları irəli sürülüb.
İş üzrə daha 9 nəfərə, o cümlədən keçmiş prezidentin böyük oğlu Sedrak Köçəryana və Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana da ittiham irəli sürülüb.
Məhkəmə Sedrak Köçəryan barəsində də 2 aylıq həbs qətimkan tədbiri seçib. Serj Sarkisyana isə ölkədən çıxış qadağan edilib.


