18 
Avq
2026
20:36
69

İrakli Qaribaşvili: “Korrupsiyaya qarşı mübarizə” kampaniyasının əsas məqsədi məni həbsə atmaq və siyasi cəhətdən məhv etmək idi”

Gürcüstanın keçmiş baş naziri, həbsdə olan İrakli Qaribaşvili ona qarşı aparılan proseslərlə bağlı yeni açıqlama yayıb.

InterPress.ge xəbər verir ki, Qaribaşvili həbsxanadan göndərdiyi məktubda ötən il başlayan qondarma “korrupsiyaya qarşı mübarizə” kampaniyasının əsas məqsədinin onu həbsə atmaq və siyasi cəhətdən məhv etmək olduğunu bildirib.

“Cəmiyyətə həqiqəti demək istəyirəm: niyə həbsxanada olduğumu. Ötən il başlayan qondarma ‘korrupsiyaya qarşı mübarizə’ kampaniyasının əsas məqsədi məni həbsə atmaq və siyasi cəhətdən məhv etmək olub. Tam məsuliyyətlə bəyan edirəm ki, komanda və mənim üçün dəyərli olan insanla qarşıdurmaya girməmək üçün hər şeyi etdim. Məhz bu məqsədlə hüquqi mübarizədən imtina etdim və dövlətin və komandanın maraqlarına zərər vurmamaq üçün mənim üçün dağıdıcı olan prosesin sonuna qədər getdim.

Təəssüf ki, bunun əvəzində qurulmuş çirkli təxribat, çoxsaylı yalan və ədalətsizliklə qarşılaşdım. Bütün bu müddət ərzində cəmiyyət məndən bir kəlmə də eşitməyib. Mən bu sınağı tam səbrlə qəbul etdim.

Lakin gözlənilmədən, iyul ayında dünən yayımladığım məktubu aldım. Məktubu mənə Mamuka Mdinaradze göndərmişdi. Həmin gün mövqeyimi ona çatdırdım və bir daha siyasətə qayıtmaq niyyətində olmadığımı bildirdim. Sözügedən ‘riskdən’ sığortalanmaq üçün öz təklifimi də irəli sürdüm.

Lakin onlar cavab olaraq bildirdilər ki, mənim siyasətə qayıtma ehtimalımla bağlı yenə də 1 faizlik risk qalır və bunun qarşısını almaq üçün mənə korrupsiya ittihamı irəli sürülməsi və həmin ittihamı mənim etiraf etməyim zəruridir.

Bu, həyatımda ən çətin addımı atmağıma səbəb olan qırmızı xətt idi. Buna görə də artıq başqa çıxış yolum olmadığı üçün məni mübarizəyə başlamağa məcbur edirlər...”, – deyə məktubda qeyd olunub.

Bizimlə əlaqə saxlayın