Milli Bank vətəndaşlara xəbərdarlıq etdi: Kriptovalyuta adı altında fəaliyyət göstərən dələduzluq sxemlərinə aldanmayın
Gürcüstan Milli Bankı vətəndaşları kriptoaktivlərə investisiya adı altında fəaliyyət göstərən şübhəli şirkətlərlə bağlı ehtiyatlı olmağa çağırıb. Qurum bildirir ki, son dövrlər bu istiqamətdə yayılan bəzi təkliflər klassik maliyyə piramidası əlamətləri daşıya bilər.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı rəsmi məlumat yayıb. Məlumatda qeyd olunur ki, son vaxtlar sosial şəbəkələrdə və media məkanında kriptoaktivlərlə ticarət vasitəsilə gəlir əldə etmək vədi ilə vətəndaşlardan pul vəsaiti cəlb edən şirkətlərin fəaliyyəti geniş yayılıb. Milli Bankın qiymətləndirməsinə görə, bu cür fəaliyyət biznes modelindən daha çox, yeni iştirakçıların cəlb olunmasına və onların vəsaitlərinin toplanmasına əsaslanan klassik "maliyyə piramidası" sxemi ola bilər.
Qurumun açıqlamasında bildirilir ki, belə şirkətlər müəyyən müddət uğurlu təsir bağışlasa da, yeni üzvlərin və ya əlavə vəsaitin cəlb edilməsi mümkün olmadıqda sistem qaçılmaz şəkildə dağılır və şirkət iştirakçılar qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirə bilmir.
Milli Bank vurğulayır ki, bu tip sxemlərin nə vaxt çökəcəyini əvvəlcədən müəyyən etmək demək olar ki, mümkün deyil və buna görə də onlar yüksək risk daşıyır.
Qurum vətəndaşlara tövsiyə edir ki, hər hansı investisiya qərarı verməzdən əvvəl şirkətin etibarlılığı, fəaliyyəti, maliyyə imkanları və müvafiq dövlət qurumu tərəfindən tənzimlənib-tənzimlənmədiyi barədə ətraflı araşdırma aparsınlar.
Açıqlamada həmçinin qeyd olunur ki, bəzi şirkətlər insanları çaşdırmaq məqsədilə adlarında "maliyyə", "broker", "investisiya" və buna bənzər ifadələrdən istifadə edə bilərlər. Lakin bu, həmin şirkətin avtomatik olaraq Gürcüstan Milli Bankı tərəfindən lisenziyalaşdırıldığı və ya tənzimləndiyi anlamına gəlmir.
Milli Bank vətəndaşları investisiya qərarlarını yalnız etibarlı məlumatlara əsaslanaraq, mümkün riskləri tam araşdırdıqdan və qiymətləndirdikdən sonra qəbul etməyə çağırıb.


