Türkcə danışması mübahisəyə səbəb oldu – Axaltsixedə məscid imamı döyüldü
Axaltsixe məscidinin imamı Şevket Dvalidze iyulun 18-də Axaltsixedə atasının evinin həyətində döyülüb.
InterPress.ge xəbər verir ki, zərərçəkənlərin sözlərinə görə, 56 yaşlı imama 10-dan çox şəxs hücum edib. Lakin polis yalnız iki nəfəri saxlayıb.
Məlumata görə, sonradan məhkəmə hər iki saxlanılan şəxsi girov qarşılığında azadlığa buraxıb.
Hadisə ilə bağlı Batumelebi nəşrinə danışan imamın oğlu Omar Dvalidze bildirib ki, hadisədən bir həftə əvvəl Türkiyədən qohumları qonaq gəlib və iyulun 18-də onlar birlikdə Axaltsixedə babasının evində olublar.
Onun sözlərinə görə, axşam saatlarında əmisi oğlu ilə gəzintidən qayıdarkən bir qrup gənc onları çağırıb. Söhbət zamanı sərxoş vəziyyətdə olan şəxslərdən biri onların niyə türkcə danışdıqlarını soruşub və bundan sonra mübahisə başlayıb.
Omar Dvalidzenin sözlərinə görə, onlar evə qaçsalar da, 10-12 nəfər onları təqib edərək həyətə daxil olub. Səs-küyə çıxan Şevket Dvalidze üz nahiyəsindən zərbə alıb, yerə yıxılıb və bir neçə nəfər tərəfindən döyülüb. Hücum edənləri həyətdən ailə üzvləri və qonşular uzaqlaşdırıblar, daha sonra polis çağırılıb.
Gürcüstan Daxili İşlər Nazirliyi Batumelebi nəşrinə bildirib ki, hadisə yerində iki nəfər saxlanılıb və faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsi (zorakılıq) ilə istintaq aparılır.
Şevket Dvalidze isə nəşrə açıqlamasında baş verən hadisədən sonra özünü təhlükəsiz hiss etmədiyini bildirib. O qeyd edib ki, 16 ildən artıqdır Vale şəhərində yaşayır və bu vaxta qədər belə problemlə qarşılaşmayıb.


