Keçmiş həyat yoldaşının intim fotolarını yayan şəxs saxlanıldı
Gürcüstan Prokurorluğunun əməkdaşları şəxsi həyatın toxunulmazlığının pozulması faktı üzrə bir nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Tbilisi Prokurorluğunun Şəxsi Həyatın Toxunulmazlığına Qarşı Cinayətlərlə Mübarizə İdarəsinin apardığı istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs videozəng zamanı keçmiş həyat yoldaşının intim məzmunlu fotolarını qanunsuz əldə edib və saxlayıb. Daha sonra isə həmin fotoları zərərçəkmişin ailə üzvlərindən birinə göndərib.
Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 157¹-ci maddəsinin birinci hissəsi ilə ittiham irəli sürülüb. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluğun vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.


