Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini daha bir il uzadıb
Avropa İttifaqı Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların müddətini daha bir il uzadıb.
InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqı Şurası iyunun 25-də Rusiyanın Ukraynada vəziyyəti sabitsizləşdirən hərəkətləri fonunda sanksiyaların müddətini daha 12 ay – 2027-ci il 31 iyul tarixinədək uzadıb.
Qeyd olunur ki, bu qərar 2026-cı il iyunun 18-19-da keçirilən Avropa Şurasının iclasında Aİ liderlərinin Rusiyaya qarşı iqtisadi sanksiyaların 12 ay müddətinə uzadılması barədə əldə etdikləri razılaşmadan sonra qəbul edilib.
Rusiyaya qarşı tətbiq olunan Aİ sanksiyaları ticarət, maliyyə, energetika və ikili təyinatlı texnologiyalar da daxil olmaqla əsas sektorları əhatə edir.
Sanksiyalar həmçinin Rusiyadan Avropa İttifaqına dəniz yolu ilə xam neft və bəzi neft məhsullarının idxalı və ya daşınmasının qadağan edilməsini, Rusiya və üçüncü ölkələrdə fəaliyyət göstərən bir sıra maliyyə institutları və kriptovalyuta xidməti təminatçıları ilə əməliyyatların məhdudlaşdırılmasını, eləcə də Kremlin dəstəklədiyi bir neçə dezinformasiya vasitəsinin Avropa İttifaqında yayım fəaliyyətinin və lisenziyalarının dayandırılmasını nəzərdə tutur.
Bundan əlavə, bəzi tədbirlər Avropa İttifaqına sanksiyalardan yayınma cəhdlərinə qarşı mübarizə aparmaq imkanı yaradır.


