25 
Iyn
2026
14:10
125

Bu cərimələr azaldılır – Parlament dəyişiklikləri təsdiqlədi

Gürcüstan Parlamenti “İnzibati Xətalar Məcəlləsinə” edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Dəyişikliklərə əsasən, sürücülərin sürət həddini aşmasına görə məsuliyyət sistemi və cərimələrin məbləği yenidən müəyyənləşdirilib.

InterPress.ge xəbər verir ki, qanun layihəsi parlamentdə 80 səslə yekdilliklə qəbul olunub.

Hazırda qüvvədə olan qaydalara əsasən, müəyyən edilmiş sürət həddinin 15 km/saatdan çox, lakin 40 km/saatdan artıq olmamaq şərti ilə aşılması 100 lari, 40 km/saatdan artıq aşılması isə 300 lari məbləğində cərimə ilə nəticələnir.

Qəbul edilən dəyişikliklərə əsasən isə cərimələr aşağıdakı qaydada tətbiq olunacaq:

- Sürət həddinin 15 km/saatdan çox, lakin 30 km/saatdan artıq olmamaq şərti ilə aşılması – 50 lari;

- Sürət həddinin 30 km/saatdan çox, lakin 50 km/saatdan artıq olmamaq şərti ilə aşılması – 100 lari;

- Sürət həddinin 50 km/saatdan çox aşılması – 300 lari.

Qanunla yanaşı, yol-nəqliyyat hadisəsi nəticəsində yaşıllıqlara vurulan zərərə görə tətbiq olunan cərimələr də azaldılıb.

Belə ki, bələdiyyələrin inzibati sərhədləri daxilində yaşıllıqların zədələnməsi və ya özbaşına məhv edilməsi hallarında cərimə 2 000 lari əvəzinə 500 lari, təkrar törədildikdə isə 5 000 lari əvəzinə 1 000 lari olacaq.

Tbilisi şəhərində də analoji hallara görə cərimə 5 000 lari əvəzinə 500 lari, təkrar törədildikdə isə 10 000 lari əvəzinə 1 000 lari müəyyən edilib.

Dəyişikliklər çərçivəsində daha bir yenilik gecə saatlarında yükdaşıma fəaliyyəti ilə bağlıdır. Belə ki, saat 01:00-dan 06:00-dək distribütor avtomobillərinə BUS LANE zolaqlarında dayanmaq və yük boşaltmaq hüququ veriləcək.

Distribütor nəqliyyat vasitələrinin cavab verməli olduğu qaydalar və şərtlər Gürcüstanın daxili işlər nazirinin əmri ilə müəyyən ediləcək.

Bizimlə əlaqə saxlayın