Trampdan Fransaya sərt xəbərdarlıq: Şərab və şampana 100 faizlik rüsum tətbiq oluna bilər
"Böyük Yeddilik" (G7) sammiti ərəfəsində ABŞ Prezidenti Donald Tramp Fransanın Amerika texnologiya nəhənglərinə tətbiq etdiyi rəqəmsal vergiyə görə Parisi fransız şərabı və şampanına 100 faizlik gömrük rüsumu tətbiq etməklə hədələyib.
InterPress.ge xəbər verir ki, Donald Tramp New York Post nəşrinə müsahibəsində Fransanın ABŞ-ın texnologiya şirkətlərinə tətbiq etdiyi 3 faizlik rəqəmsal vergini ləğv etməyəcəyi təqdirdə, Fransadan idxal olunan bütün şampan və şərablara 100 faizlik gömrük rüsumu tətbiq etməkdən başqa çıxış yolunun qalmayacağını bildirib. ABŞ Prezidenti qeyd edib ki, bu xəbərdarlığı şəxsən Fransa Prezidenti Emmanuel Makrona çatdırıb və ondan Amerika texnologiya nəhənglərinə tətbiq edilən vergini ləğv etməyi tələb edib.
"Ondan xahiş etdim ki, Amerika şirkətlərini vergiyə cəlb etməsin. Əgər onlar bunu yenə də etsələr, Fransadan idxal olunan bütün şampan və şərablara 100 faizlik rüsum tətbiq etməkdən başqa yolum qalmayacaq", – deyə Donald Tramp bildirib.
Buna cavab olaraq Emmanuel Makron rəqəmsal verginin Avropa qanunvericiliyinin tərkib hissəsi olduğunu və Vaşinqtonun bunu dəyişdirə bilməyəcəyini vurğulayıb. Fransa Prezidenti Donald Trampla "qarşılıqlı hörmətə əsaslanan, lakin sərt söhbət" aparmağı planlaşdırdığını bildirib.
Makron, həmçinin Trampla münasibətlərinin zaman-zaman gərgin olmasına baxmayaraq, praqmatik yanaşma sərgilədiyini və yalnız Fransanın milli maraqlarını müdafiə etdiyini qeyd edib.


