Gürcüstanla Aİ arasında vizasız rejim məsələsi müzakirə olunacaq
Bu gün Avropa İttifaqı ilə Gürcüstan arasında viza dialoqu çərçivəsində növbəti görüş keçiriləcək. Görüşdə vizasız rejimin mümkün dayandırılması məsələsinin müzakirə olunacağı bildirilir.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı ilk olaraq "Azadlıq Radiosu"nun Avropa bürosunun rəhbəri Rikard Yozvyak sosial şəbəkədə yayıb. O, paylaşımında "Vizasız rejimin mümkün dayandırılmasının müzakirə olunacağı mühüm görüş" ifadəsini işlədib.
Daha sonra Gürcüstan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq bildirib ki, Avropa İttifaqının viza tənzimləməsinə ((EU) 2018/1806 saylı Qaydanın 8e(9)-cu maddəsi) əsasən, dayandırma mexanizminin tətbiqi dövründə Avropa Komissiyası müvafiq üçüncü ölkə ilə dialoqa başlamalıdır.
Nazirliyin açıqlamasında qeyd olunub ki, Avropa Komissiyasının Miqrasiya və Daxili İşlər üzrə Baş Direktorluğunun dəvəti ilə iyunun 11-də Brüsseldə Gürcüstan tərəfi ilə Avropa Komissiyası arasında dialoqun ilk görüşü keçiriləcək.
"Görüşdə Gürcüstanın aidiyyəti dövlət qurumlarının nümayəndələri Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq, Konsulluq və Diaspor Məsələləri Departamentinin direktorunun rəhbərliyi ilə iştirak edəcəklər", – deyə nazirlikdən bildirilib.


