Gürcüstan hökuməti şəffaflıq üzrə dünya reytinqində 14-cü olub
Chandler Institute of Governance “Yaxşı Hökumət 2026” hesabatı çərçivəsində qlobal şəffaflıq reytinqini dərc edib. Reytinqə əsasən, Gürcüstan hökuməti yüksək nəticə göstərərək dünyada 14-cü yeri tutub.
InterPress.ge xəbər verir ki, hesabatda Gürcüstan şəffaflıq indeksi üzrə Avropanın ən yaxşı 10 ölkəsi sırasına daxil edilib.
Məlumata görə, Gürcüstan hökuməti şəffaflıq göstəricilərinə görə Böyük Yeddilik ölkələrinin dördünü, həmçinin Avropa İttifaqı, Şengen zonası və NATO üzvü olan 26 dövləti qabaqlayıb. Bu ölkələr sırasında Böyük Britaniya, Yaponiya, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Belçika, Lüksemburq, İslandiya, Avstriya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Sloveniya, Xorvatiya, Latviya, Litva, Yunanıstan, Rumıniya, Bolqarıstan, Malta, Kipr, Monteneqro, Şimali Makedoniya və Türkiyə yer alır.
Avropanın ilk onluğu isə İsveç, Norveç, Finlandiya, Danimarka, Niderland, İsveçrə, Almaniya, İrlandiya, Estoniya və Gürcüstandan ibarət olub.
Şəffaflıq indeksi iki qlobal araşdırmaya əsaslanır. Bunlardan biri TRACE International tərəfindən hazırlanmış korrupsiya riskləri matrisi, digəri isə International Budget Partnership tərəfindən aparılan tədqiqatlardır.
TRACE International hökumətlərin tənzimləyici funksiyalarının şəffaflığını, o cümlədən dövlət satınalmalarında şəffaflığı, hökumət siyasətinin hazırlanmasında açıqlığı, dərc olunan qanunları və hökumət məlumatlarının əlçatanlığını qiymətləndirib.
Beynəlxalq Büdcə Tərəfdaşlığının hazırladığı Açıq Büdcə İndeksinə əsasən isə Gürcüstan 2023-cü ildən etibarən büdcə şəffaflığı üzrə dünyada birinci yerdə qərarlaşıb.
Qeyd olunub ki, Chandler İnstitutunun “Yaxşı Hökumət 2026” hesabatı son dövrdə Gürcüstan hökumətinin şəffaflıq sahəsində ön sıralarda göstərildiyi üçüncü beynəlxalq araşdırmadır.
Bunlardan birincisi European Research Centre for Anti-Corruption and State-Building tərəfindən hazırlanmış və European Commission tərəfindən dərc olunan Şəffaflıq İndeksi olub. Həmin araşdırmada Gürcüstan hökuməti dünyanın ən yaxşı 20 hökuməti sırasında yer alıb.
İkinci araşdırma isə Alliance of Democracies Foundationnun “Demokratiyanın Qavranılması 2026” hesabatıdır. Bu hesabatda Gürcüstan hökuməti şəffaflıq göstəricisinə görə Avropada birinci olub.
Həmin araşdırmaya əsasən, Gürcüstan Avropada hökumətin şəffaflığının müsbət qiymətləndirildiyi yeganə ölkədir. Tədqiqat dünyanın 98 ölkəsində 94 mindən çox respondent arasında aparılan sorğulara əsaslanıb.
Qeyd edək ki, Demokratiyalar Alyansı Fondu NATO-nun sabiq baş katibi Anders Fogh Rasmussen tərəfindən təsis edilib və hər il keçirilən Demokratiya Sammitinin təşkilatçısıdır.


