05 
Iyn
2026
19:46
32

Şulenburq: Avropa İttifaqı reallığı inkar etməyə davam etsə, zəifləyəcək

Avropa Parlamentinin üzvü Mixael fon der Şulenburq hesab edir ki, Avropa İttifaqı mövcud geosiyasi reallıqları nəzərə almasa, gələcəkdə ciddi problemlərlə üzləşəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Avropa Parlamentinin üzvü Mixael fon der Şulenburq Tbilisidə keçirilən XVI Regional Dayanıqlı İnkişaf Forumunda çıxışı zamanı danışıb.

Şulenburqun sözlərinə görə, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində mövcud çağırışlara cavab verə biləcək aydın strategiyası yoxdur.

“Xarici siyasət və təhlükəsizlik baxımından deməliyəm ki, Avropa İttifaqının bu məsələlərin heç birinə cavabı yoxdur. Almaniyanın öz hərbi strategiyası var – bunun nə demək olduğunu bilmirəm, amma diplomatik strategiyası yoxdur. Avropa İttifaqı artıq bu şəkildə yaşaya bilməz. O, davamlı olaraq mövcud reallığı inkar edir və bu da istənilən halda onun zəifləməsinə gətirib çıxaracaq.

Xanım Kallasdan sual soruşulduqda, o, tamamilə başqa mövzuya cavab verir. Əgər nəyəsə nail olmaq istəyirsənsə, əvvəlcə hansı vəziyyətdə olduğunu görməli və həmin vəziyyətə uyğun hərəkət etməlisən. Başındakı fikirlərə və ya nağıllara uyğun deyil, real şəraitə uyğun davranmaq lazımdır.

Mən hesab edirəm ki, əksinə, kiçik dövlətlər bu gün tarixdə heç vaxt olmadığı qədər güclüdürlər və onların seçim imkanları da daha genişdir. Onlar hətta böyük dövlətləri öz maraqları istiqamətində yönləndirə bilərlər. Çünki dünyadakı bu iki böyük güc mərkəzi əvvəlki təsir imkanlarını itirir və məhz kiçik dövlətlərin dövrü başlayır”, – deyə Mixael fon der Şulenburq bildirib.

Bizimlə əlaqə saxlayın