Kobaxidze: İnkişaf yalnız iqtisadi artım deyil, sülh və təhlükəsizlik də deməkdir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, ölkənin inkişafı təkcə yüksək iqtisadi artım göstəriciləri ilə ölçülmür, bunun üçün sülh, təhlükəsizlik, keyfiyyətli təhsil və insan yönümlü siyasət də vacibdir.
InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze Tbilisidə keçirilən XVI Regional Dayanıqlı İnkişaf Forumunun açılış mərasimində çıxışı zamanı danışıb.
Hökumət başçısının sözlərinə görə, forum çərçivəsində formalaşdırılan strateji baxışlar Gürcüstanın daha güclü, təhlükəsiz və suveren gələcəyinin qurulmasına mühüm töhfə verəcək.
“Şadam ki, Tbilisi uzun illərdir davam edən ənənəni qoruyaraq artıq on altıncı dəfə Dayanıqlı İnkişaf Regional Forumuna ev sahibliyi edir. Bu forum artıq qlobal miqyaslı platforma statusu qazanıb. Paytaxtımızın regionda beynəlxalq dialoqun mühüm mərkəzi olaraq qalmasından məmnunluq duyuram.
Son illərdə bir sıra qlobal çağırışlarla üzləşmişik və bu şəraitdə builki forumun əsas mesajı – “Sosial-iqtisadi rifah üçün dayanıqlı inkişaf” daha da aktuallaşıb.
Beynəlxalq gərginliyin artdığı, böyük dövlətlərin kiçik ölkələri tərəf seçməyə çağırdığı bir dövrdə diplomatiyanın bütün imkanlarından istifadə etmək bizim üçün həlledici əhəmiyyət daşıyır. Bu səbəbdən forumun gündəliyində ən mürəkkəb və aktual geosiyasi məsələlərin yer alması tamamilə məntiqlidir. Belə mövzuların müzakirəsi milli təhlükəsizliyin və iqtisadi dayanıqlığın təmin edilməsi yollarının müəyyənləşdirilməsi baxımından fundamental əhəmiyyət daşıyır.
Forumun tematik panelləri də strateji hədəflərimizlə sıx bağlıdır. Burada suverenliyin möhkəmləndirilməsi, enerji təhlükəsizliyi, böyük su elektrik stansiyalarının enerji müstəqilliyində rolu, insan kapitalının gücləndirilməsi, innovasiyaların tətbiqi və dayanıqlı şəhər islahatları müzakirə olunur. Əlbəttə ki, sülh platforması yenə də xüsusi yer tutur. Uzunmüddətli sabitlik və sülh olmadan inkişaf və rifahdan danışmaq mümkün deyil.
Bizim üçün inkişaf yalnız misilsiz iqtisadi artım göstəriciləri ilə məhdudlaşmır. Əminik ki, tərəqqi üçün sülh, təhlükəsizlik, keyfiyyətli təhsil, innovasiyalar və insan yönümlü siyasət lazımdır. Məhz bu amillər bugünkü və gələcək nəsillər üçün real rifah yaradır.
Əminəm ki, forum çərçivəsində formalaşdırılan strateji baxışlar Gürcüstanın daha güclü, təhlükəsiz və suveren gələcəyinin qurulmasına mühüm töhfə verəcək. Forumun təşkilatçılarına, tərəfdaşlarına və iştirakçılarına təşəkkür edir, hər kəsə məhsuldar müzakirələr arzulayıram”, – deyə Baş nazir bildirib.


