Hamiləlik və uşağa qulluq müavinətlərinə həbs qoyulmayacaq
Gürcüstanda icra icraatı zamanı borclu şəxslərə verilən bəzi sosial ödənişlərin müsadirə olunması qadağan ediləcək.
InterPress.ge xəbər verir ki, bununla bağlı “İcra icraatı haqqında” qanuna dəyişiklik hazırlanıb.
Qanun layihəsinə əsasən, hamiləlik və doğuşla əlaqədar ödənişli məzuniyyət dövründə, eləcə də uşağa qulluq üzrə ödənişli məzuniyyət müddətində dövlət büdcəsindən verilən maliyyə yardımı üzərinə həbs qoyulmayacaq və həmin vəsait icra məqsədilə tutulmayacaq.
Qanunvericilik təşəbbüsü “Gürcü Arzusu”nun deputatları tərəfindən hazırlanıb və artıq parlamentdə qeydiyyata alınıb.
Mövcud qaydalara əsasən, hamiləlik və doğuş, həmçinin uşağa qulluq üzrə ödənişli məzuniyyət dövrü üçün verilən dövlət yardımının məbləği ümumilikdə 2 000 laridən çox ola bilməz.
Dəyişikliklərin məqsədi həmin vəsaitlərin tam şəkildə valideynlərə çatmasını və sosial dəstək funksiyasını qorumasını təmin etməkdir.


