02 
Iyn
2026
10:28
171

Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu gündən tam istifadəyə veriləcək

Bakı-Tbilisi-Qars dəmir yolu xətti iyunun 2-də rəsmi olaraq tam istifadəyə veriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Məlumata görə, yeni dəmir yolu xətti Gürcüstan, Azərbaycan və Türkiyənin birgə strateji layihəsidir və Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayır.

Nazirlik bildirir ki, yeni marşrut regionda əlavə yükdaşıma imkanları yaradır, yük axınlarının marşrutlarının şaxələndirilməsinə töhfə verir və regional bağlantını daha da gücləndirir.

Qeyd olunub ki, Marabda-Kartsaxi dəmir yolu hissəsinin ümumi uzunluğu 180 kilometr təşkil edir. Layihə çərçivəsində 153 kilometrlik hissə bərpa və yenidən qurulub, 27 kilometrlik tamamilə yeni, Avropa standartlarına uyğun dəmir yolu magistralı inşa edilib.

Nazirliyin məlumatına əsasən, Bakı-Tbilisi-Qars xətti ilə yükdaşımaların həcmi ildən-ilə artır. Xəttin tam istismara verilməsi ilə onun illik buraxılış qabiliyyəti 5 milyon tona çatdırılacaq. Bu isə regionun əlavə yük axınlarını qəbul etməsinə və nəqliyyat potensialının əhəmiyyətli dərəcədə artmasına imkan verəcək.

Bildirilir ki, dəmir yolu xəttinin tam istismara verilməsi Azərbaycanın paytaxtı Bakıda Gürcüstanın Baş nazirinin səfəri çərçivəsində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən ikitərəfli Koordinasiya Şurasının protokolunun imzalanmasından sonra mümkün olub.

Bizimlə əlaqə saxlayın