Güclü Gürcüstan – Lelo DİN-in islahatı planını təqdim edib
“Güclü Gürcüstan – Lelo” koalisiyası Polis Günü münasibətilə Gürcüstan Daxili İşlər Nazirliyinin islahatı ilə bağlı planını təqdim edib.
InterPress.ge xəbər verir ki, tədbirdə Daxili İşlər Nazirliyində mövcud sistemli problemlər, çağırışlar və onların həlli yolları ilə bağlı müzakirələr aparılıb.
Koalisiyanın təqdim etdiyi konsepsiya doqquz əsas istiqaməti əhatə edir. Bunlar siyasi neytrallıq və əməliyyat müstəqilliyinin qanunvericiliklə təmin edilməsi, müstəqil Polis Xidməti Komissiyasının yaradılması, meritokratiya prinsiplərinə əsaslanan təyinat sistemi, Polis Akademiyasının tam islahatı, rütbə, vəzifə yüksəlişi və mükafatlandırma sisteminin şəffaflaşdırılması, əməkhaqqı, əlavələr və mükafatların şəffaf modeli, iş vaxtı və əmək hüquqlarının tənzimlənməsi, demokratik etirazların idarə olunması və proporsionallıq doktrinasının tətbiqi, struktur yenidənqurma və funksiyaların dəqiq bölgüsü, eləcə də müstəqil daxili nəzarət və antikorrupsiya xidmətinin yaradılmasını nəzərdə tutur.
Koalisiyanın bəyanatında qeyd olunur ki, Gürcüstanın təhlükəsizliyi və demokratiyası hüquq-mühafizə sisteminin nə dərəcədə müstəqil, peşəkar və etibarlı olmasından birbaşa asılıdır.
“Bu gün mövcud reallıq göstərir ki, Daxili İşlər Nazirliyinin institusional quruluşunda polisin neytrallığına, effektivliyinə və cəmiyyətin etimadına təsir edən bir sıra problemlər mövcuddur. Siyasi məqsədimiz Gürcüstanda siyasətdən uzaq, peşəkar və cəmiyyətə yönəlmiş polis sisteminin formalaşdırılmasıdır. Polis vətəndaşlara deyil, siyasi maraqlara xidmət etməməlidir”, – deyə koalisiyanın açıqlamasında bildirilir.
Açıqlamada vurğulanır ki, normal dövlətdə polis əməkdaşı vətəndaş üçün qorunmanın təminatı olmalı, qorxu mənbəyinə çevrilməməlidir. Həmçinin qeyd olunur ki, vicdanlı polis əməkdaşları da sistem tərəfindən qorunmalıdır.


