26 
May
2026
14:02
221

Parlament xarici vətəndaşlarla bağlı qanunvericilik təşəbbüsünü müzakirə edəcək

Gürcüstan Parlamenti xarici vətəndaşlarla bağlı “Gürcüstan üçün Mühafizəkarlar” partiyasının hazırladığı qanunvericilik təşəbbüsünü müzakirəyə çıxaracaq.

InterPress.ge xəbər verir ki, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanuna və “Əmək miqrasiyası haqqında” qanuna dəyişikliklər layihəsi parlamentə ən azı 25 min seçicinin imzası ilə təqdim olunub, müzakirənin başlanması üçün tələb olunan prosedurlardan keçib və büro qərarı ilə komitələrə göndərilib.

Layihəni parlamentdə Qiorqi Kardava, Zurab Maxaradze, Şota Martinenko, İrakli Martinenko və Serqo Xurcidze təqdim edəcəklər.

Təşəbbüsün mahiyyətinə gəlincə, layihə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanundan əmək fəaliyyəti əsasında yaşayış icazəsi, investisiya yaşayış icazəsi, qısamüddətli yaşayış icazəsi və daimi yaşayış icazəsi ilə bağlı bütün normaların çıxarılmasını nəzərdə tutur.

Layihə, həmçinin Gürcüstanda müvəqqəti yaşayış icazəsi əsasında son 10 ildə yaşayan əcnəbiyə daimi yaşayış icazəsinin verilməsini nəzərdə tutan müddəanın da ləğvini təklif edir.

Təşəbbüs müəllifləri layihəyə əlavə olunan izahat məktubunda bildirirlər:

“Beynəlxalq təcrübə göstərir ki, miqrasiya və vətəndaşlığın verilməsi üzərində yetərsiz nəzarət ölkədə demoqrafik təhlükəsizlik və iqtisadi böhrana səbəb olur. Nəzarətsiz miqrasiyanın qarşısının alınması üçün effektiv mexanizmlərin yaradılması ölkə üçün strateji və ekzistensial vəzifədir. Yaşayış icazəsi və vətəndaşlıq əldə edilməsi sahəsində yüksək standartların və effektiv nəzarətin tətbiqi Gürcüstan dövləti üçün mövcud və gələcək potensial riskləri əhəmiyyətli dərəcədə azaldacaq.

Qanun layihəsinin qəbul olunması nəticəsində kütləvi miqrasiya dalğası azalacaq, hüquq-mühafizə orqanlarının qeyri-leqal miqrasiya ilə mübarizəsi asanlaşacaq, dövlət sosial proqramlarına – səhiyyə, bələdiyyə xidmətləri və təhsil sahəsinə düşən yük azalacaq, sosial zəmində gərginlik və qarşıdurma ehtimalı minimuma enəcək, Gürcüstan vətəndaşlığı və yaşayış icazəsi üçün daha yüksək standartlar müəyyən ediləcək”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər