26 
May
2026
10:49
326

Müxalifət Alyansı bu gün Tbilisidə etiraz aksiyası keçirəcək

Bu gün – mayın 26-da Tbilisidə “Müxalifət Alyansı”nın təşkilatçılığı ilə etiraz aksiyası keçiriləcək.

InterPress.ge xəbər verir ki, təşkilatçı partiyaların məlumatına görə, aksiya iştirakçıları saat 19:00-da Tbilisi Dövlət Universitetinin birinci korpusunun qarşısına toplaşacaq və Rustaveli prospekti istiqamətində yürüş edəcəklər. Yürüşün parlament binası qarşısında başa çatacağı, burada siyasi liderlərin çıxışlarının planlaşdırıldığı bildirilib.

Qeyd edək ki, “Müxalifət Alyansı” bu məqsədlə Rustaveli prospektində, parlament binasının yaxınlığında səhnə quraşdırmaq istəyib, lakin Tbilisi meriyası əraziyə müvafiq konstruksiyaların yerləşdirilməsinə icazə verməyib.

Paytaxt hökumətinin bəyanatında deyilir:

“2026-cı il mayın 26-da Gürcüstanın Müstəqillik Günü ilə bağlı planlaşdırılan rəsmi tədbirləri nəzərə alaraq, Tbilisi şəhərində həm ictimai, həm də qeyri-ictimai nəqliyyat üçün hərəkət sxemləri dəyişdirilib. Bu isə digər küçələrdə nəqliyyat axınının artmasına səbəb olur. Bununla əlaqədar Gürcüstan parlamentinin inzibati binasının yaxınlığında hər hansı konstruksiyanın, o cümlədən səhnənin quraşdırılmasını yolverilməz hesab edirik.

Məktubda göstərilən digər məkanlara gəldikdə isə, nəqliyyat axınının əlavə maneələrlə üzləşməsinin qarşısını almaq məqsədilə yolun hərəkət hissəsində hər hansı konstruksiyanın, o cümlədən səhnənin yerləşdirilməsini də yolverilməz hesab edirik”, – deyə Tbilisi meriyasının açıqlamasında bildirilib.

Bununla belə, aksiyanın təşkilatçıları bu gün də parlament qarşısında səhnə quraşdırmağa cəhd edəcəklərini bildirirlər.

Tbilisi meriyası ilə yanaşı, Gürcüstan Daxili İşlər Nazirliyi də aksiyanın Rustaveli prospektində keçirilməsinə icazə verməyib.

Qurum bunun səbəbini belə izah edib:

“Təşkilatçılar tərəfindən təqdim olunan müraciət qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun olmayıb. O cümlədən, müraciətin təqdim olunması üçün müəyyən edilmiş müddət qorunmayıb. Bundan əlavə, müraciətdə toplantı və ya manifestasiyanın məqsədi, başa çatma vaxtı, iştirakçıların ehtimal olunan sayı və təcili tibbi yardımın təmin olunma forması göstərilməyib.

Buna görə də təşəbbüsçülərə bildirilib ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamenti “Toplantı və manifestasiyalar haqqında” qanunla nəzərdə tutulan tədbirləri həyata keçirmək imkanından məhrumdur”, – deyə DİN-dən bildirilib.

Daxili İşlər Nazirliyi və Tbilisi meriyasının mövqeyinə baxmayaraq, “Müxalifət Alyansı” planlarını dəyişmək niyyətində olmadığını və mayın 26-na planlaşdırılan aksiyanın Rustaveli prospektində mütləq keçiriləcəyini bəyan edib.

Bizimlə əlaqə saxlayın