Sürücülük vəsiqəsi almaq istəyənlər üçün şad xəbər
Gürcüstanda sürücülük vəsiqəsinin alınması qaydaları və şərtləri dəyişdirilib.
InterPress.ge xəbər verir ki, bununla bağlı əmri Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili imzalayıb. Dəyişikliklər nəzəri və praktik imtahan mərhələlərini əhatə edir.
Yeni qaydalara əsasən, nəzəri imtahanda namizəd 30 sualdan minimum 25 düzgün cavab toplamalıdır. Əvvəlki qaydalara görə isə namizədə yalnız 3 səhv etmək icazəsi verilirdi.
Bundan əlavə, cari ilin 15 iyun tarixindən etibarən B kateqoriyalı sürücülük vəsiqəsi almaq üçün keçirilən praktik imtahanın ikinci mərhələsində yüngül səhvlərin limiti 12-dən 15-ə qaldırılır.
Əvvəlki qaydalara əsasən, 12-ci yüngül səhv imtahanın avtomatik dayandırılması və ağır səhv hesab olunurdu. Yeni qaydalara görə isə namizəd 14 yüngül səhvə yol verə biləcək, 15-ci səhv isə imtahanın dayandırılmasına səbəb olacaq.
Sənəddə qeyd olunur ki, B və B1 altkateqoriyası üzrə nəzəri imtahanda namizəd 30 dəqiqə ərzində 30 test sualını cavablandırmalı və minimum 25 bal toplamalıdır.
Yeni qaydalara əsasən, praktik imtahan zamanı imtahan götürən şəxs namizədə müəyyən bacarığı yenidən nümayiş etdirmək və ya səhvi aradan qaldırmaq üçün məntiqli vaxt verə biləcək.
Bu məqsədlə imtahan götürən şəxs namizədə əlavə göstəriş verə bilər. Məsələn: “Zəhmət olmasa, yol hərəkətinə hazır olub-olmadığınızı bir daha yoxlayın”.
Sənəddə həmçinin qeyd edilir ki, praktik imtahanın ikinci mərhələsində növbələrin daha ədalətli bölüşdürülməsi üçün xüsusi metodologiya və alqoritm hazırlanacaq. Bu sistem namizədlərin bazasını analiz edərək ilk müraciət, daha az imtahan cəhdi və uzun gözləmə müddəti kimi meyarlara əsasən növbələrin idarə olunmasını təmin edəcək.


