21 
May
2026
12:45
288

Gürcüstanda “ailə səbəti” üçün vahid qiymət platforması yaradılır

Gürcüstanın Rəqabət və İstehlakçı Hüquqlarının Müdafiəsi Agentliyi “ailə səbəti” proqramının monitorinqi məqsədilə vahid informasiya platforması yaradır.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Rəqabət və İstehlakçı Hüquqlarının Müdafiəsi Agentliyi məlumat yayıb. Bildirilib ki, proqramda iştirak edən market şəbəkələri hər həftə agentliyə “ailə səbəti”nə daxil olan əsas məhsullar üzrə ən sərfəli təkliflər və qiymətlərlə bağlı məlumat təqdim etməli olacaqlar.

Məlumata görə, həmin göstəricilər elektron səbət formatında xüsusi informasiya portalında mütəmadi yenilənəcək.

Agentlik qeyd edib ki, layihə Baş nazir İrakli Kobaxidzenin təşəbbüsü və parlamentin ərzaq məhsulları, dərman vasitələri və yanacaq qiymətlərinin formalaşmasını araşdıran müvəqqəti komissiyasının tövsiyələri əsasında hazırlanır.

Layihənin məqsədi istehlakçılara marketlərdə əsas ərzaq məhsulları üzrə ən sərfəli qiymət və kampaniyalar barədə məlumatı bir məkanda təqdim etməkdir.

GCCA sədri İrakli Lekvinadze bildirib ki, platforma istehlakçıların məlumatlılığını artıracaq və bazardakı təkliflərin daha şəffaf təqdim olunmasına kömək edəcək.

Onun sözlərinə görə, elektron platforma FMCG sektorunda rəqabətin daha da güclənməsinə dəstək verəcək.

Qeyd edək ki, Gürcüstanın Rəqabət və İstehlakçı Hüquqlarının Müdafiəsi Agentliyi FMCG bazarının monitorinqini 2023-cü ildən həyata keçirir. Bundan əlavə, parlamentin müvəqqəti komissiyası da ərzaq, dərman və yanacaq bazarını araşdıraraq rəqabətin artırılması məqsədilə qısamüddətli, orta və uzunmüddətli tədbirlərdən ibarət kompleks hesabat hazırlayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər