Kobaxidze: “Azərbaycanla imzalanan sazişlər Gürcüstan üçün tarixi əhəmiyyət daşıyır”
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Azərbaycanda imzalanan sazişlər ölkənin iqtisadi inkişafı, enerji təhlükəsizliyi və tranzit rolunun gücləndirilməsi baxımından misilsiz əhəmiyyət daşıyır.
InterPress.ge xəbər verir ki, İrakli Kobaxidze bu barədə “İmedi TV” kanalının “İmedi LIVE” proqramında çıxışı zamanı danışıb. Baş nazir Azərbaycan tərəfinə təşəkkür edib və vurğulayıb ki, aparılan danışıqlar iki hökumət arasında standart müzakirələr deyil, dostlar arasında dialoq xarakteri daşıyıb.
Kobaxidzenin sözlərinə görə, Orta Dəhlizin rolu son illərdə əhəmiyyətli dərəcədə artıb və 2020-ci ildən bu yana dəhliz üzrə yükdaşımaların həcmi yeddi dəfə yüksəlib.
Baş nazir qeyd edib ki, Azərbaycanda imzalanmış bütün razılaşmalar Gürcüstanın tranzit funksiyasının inkişafı ilə bağlıdır.
“Bu sazişlər qaz idxalı və tranziti, elektrik enerjisinin idxalı və tranziti ilə əlaqədardır və son dərəcə faydalı şərtlərlə imzalanıb. Ən vacibi isə odur ki, biz münasib qiymətlər və lazımi həcmdə enerji resursları əldə etdik ki, bu da ölkəmizin enerji təhlükəsizliyi üçün olduqca önəmlidir”, – deyə Kobaxidze bildirib.
O əlavə edib ki, Bakı-Tbilisi-Supsa neft kəmərinin fəaliyyəti də bərpa olunacaq. Baş nazirin sözlərinə görə, son üç ildə fəaliyyətini dayandırmış kəmər səbəbindən Gürcüstan hər il on milyonlarla lari potensial gəlir itirirdi.
Kobaxidze həmçinin bildirib ki, ayın sonundan etibarən Bakı-Tbilisi-Qars dəmir yolu yenidən fəaliyyətə başlayacaq və bununla paralel olaraq Gürcüstanla Azərbaycan arasında sərnişin dəmir yolu əlaqəsi də bərpa olunub.
Baş nazir vurğulayıb ki, bütün bu razılaşmalar Gürcüstanın iqtisadi güclənməsi, enerji təhlükəsizliyi və tranzit potensialının artırılması baxımından prinsipial əhəmiyyət daşıyır.
“Azərbaycan tərəfinə dost münasibətə və əldə olunan razılaşmalara görə bir daha təşəkkür edirəm. Eyni zamanda İqtisadiyyat Nazirliyinə, nazirə və onun bütün komandasına minnətdaram. Uzun aylar davam edən danışıqlar nəticəsində bu ideal nəticə əldə olundu”, – deyə İrakli Kobaxidze qeyd edib.


