21 
May
2026
10:39
222

Kobaxidze: Nifrət dili və təhqirlərə qarşı hüquqi mexanizm yaradılır

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, ifadə azadlığı ilə nifrət dili arasında düzgün sərhəd müəyyən edilməlidir və təhqir, aqressiv kampaniyalar hüquqi reaksiya tələb edir.

InterPress.ge xəbər verir ki, İrakli Kobaxidze bu barədə Daxili İşlər Nazirliyində yaradılacaq xüsusi idarə ilə bağlı danışarkən “İmedi TV” telekanalının efirində açıqlama verib. Baş nazirin sözlərinə görə, əsas məsələ düzgün hüquqi praktikanın formalaşdırılmasıdır.

Kobaxidze qeyd edib ki, Gürcüstanda illərdir cəmiyyət və siyasi məkan nifrət və qütbləşmə dairəsinə salınıb.

“Cəmiyyətimizə məqsədli şəkildə nifrət aşılanırdı və bu siyasi məkanda da davam edir. Müxalifət bizim komandamızın sərt bəyanatlarını xatırladırdı və bəli, belə hallar olub. Amma hər şey necə başladı? Birbaşa nifrət kampaniyaları ilə. Onlar kampaniyalara başladılar və cavab aldılar”, – deyə Baş nazir bildirib.

Onun sözlərinə görə, nifrət kampaniyaları yalnız siyasi sahədə deyil, həm də Gürcüstan Pravoslav Kilsəsinə qarşı aparılıb.

Baş nazir bildirib ki, siyasətdə olan şəxs təbii olaraq cavab da alır və bu, qapalı nifrət dövrəsinin yaranmasına səbəb olur.

“Bu vəziyyətdən çıxmalıyıq. Bunun üçün yanaşma birtərəfli olmamalıdır. Qanunvericilikdə artıq nəyin yolverilməz olduğu və hansı sanksiyaların tətbiq ediləcəyi müəyyən olunub. Sadəcə, indiyədək konkret icra mexanizmi yox idi və indi Daxili İşlər Nazirliyində belə bir institusional mexanizm yaradılır”, – deyə Kobaxidze qeyd edib.

Baş nazir vurğulayıb ki, qanunu hansı tərəf hansı səviyyədə pozacaqsa, nəticələr də həmin proporsiyada olmalıdır.

Kobaxidze həmçinin bildirib ki, “şəffaflıq haqqında qanun”un qəbul edilməsinin əsas səbəblərindən biri xarici maliyyə ilə Gürcüstanda nifrət kampaniyalarının maliyyələşdirilməsi olub.

Onun sözlərinə görə, USAID, NED və EED kimi təşkilatların maliyyəsi ilə hakimiyyətə, dövlət institutlarına və Gürcüstan Pravoslav Kilsəsinə qarşı kampaniyalar aparılırdı.

Baş nazir hesab edir ki, məhz “şəffaflıq haqqında qanun” ölkədə qütbləşmənin azalmasına və sabitliyin güclənməsinə mühüm töhfə verib.

Məlumat üçün bildirək ki, Gürcüstan Daxili İşlər Nazirliyində yaradılacaq xüsusi idarənin əsas funksiyası ictimai məkanda nifrət dili, təhqiredici kampaniyalar və aqressiv kommunikasiyanın sistemli monitorinqi və hüquqi reaksiyanın təmin edilməsi olacaq.

Baş nazirin müavini Mamuka Mdinaradze isə bildirib ki, dövlətin vəzifəsi fərqli fikirlərin qorunduğu, eyni zamanda nifrət, düşmənçilik və təhqirin təşviq edilmədiyi mühit yaratmaqdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər