20 
May
2026
13:53
253

Gürcüstanda ötən il baş verən ən çox yayılmış 5 cinayət

2025-ci ildə Gürcüstanda cinayət təqibinə başlanılan şəxslərin sayı illik müqayisədə 27% artaraq son 5 ilin ən yüksək göstəricisinə çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğunun 2025-ci il fəaliyyət hesabatında qeyd olunub. Hesabata əsasən, ötən il 25 086 nəfər barəsində cinayət təqibi başlanıb ki, onlardan 588-i azyaşlıdır.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 19 682 nəfər, 2023-cü ildə 21 613 nəfər, 2022-ci ildə 22 365 nəfər, 2021-ci ildə 19 744 nəfər, 2020-ci ildə isə 15 625 nəfər olub.

Hesabatda bildirilir ki, ötən il prokurorluq 23 582 nəfər barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət edib. Onların 35,1%-i həbs, 64,9%-i isə həbs olmayan tədbirlər olub.

2025-ci ildə Gürcüstanda ən çox cinayət təqibi başlanılan 5 cinayət növü isə belə sıralanıb:

Narkotik cinayətləri – 6 122 nəfər barəsində təqib başlanıb;

Ailə cinayətləri – 4 585 nəfər;

Oğurluq – 3 733 nəfər;

Hədə-qorxu – 2 477 nəfər;

Dələduzluq – 655 nəfər.

Prokurorluğun məlumatına görə, regional göstəricilər üzrə ən çox cinayət təqibi Tbilisidə qeydə alınıb. Paytaxt ümumi göstəricinin 33,3%-ni təşkil edir və burada 8 364 nəfər barəsində təqib başlanıb.

Sonrakı yerlərdə Acarıstan 13,7% (3 444 nəfər) və Kvemo Kartli 9,4% (2 354 nəfər) göstərici ilə qərarlaşıb.

Hesabatda əvvəlki illərin statistik göstəricilərinin də sabit qaldığı vurğulanır. Belə ki, 2023 və 2024-cü illərdə ən çox cinayət təqibi Gürcüstan Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 260-cı (narkotik cinayətləri) və 151-ci (hədə-qorxu) maddələri üzrə qeydə alınıb.

2022-ci ildə isə ilk sırada oğurluq, ikinci və üçüncü yerlərdə isə müvafiq olaraq hədə-qorxu və ailədaxili zorakılıq cinayətləri yer alıb.

Bizimlə əlaqə saxlayın