Gürcüstanda plastik qida məhsulları ilə bağlı qadağanı pozanlar cərimələnəcək
Gürcüstanda qida ilə təmas üçün nəzərdə tutulan plastik məhsulların istehsalı, idxalı və bazara çıxarılması ilə bağlı hökumət tərəfindən təsdiqlənmiş tələblərin pozulmasına görə sanksiyalar tətbiq ediləcək.
InterPress.ge xəbər verir ki, bu barədə təşəbbüslə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi parlamentə müraciət edib. Dəyişikliklərə əsasən, “İnzibati Xətalar Məcəlləsi”nə yeni maddə əlavə olunur.
Yeni maddəyə görə, Gürcüstan hökumətinin “Qida ilə təmas üçün nəzərdə tutulan müəyyən plastik məhsulların istehsalının, idxalının və bazara çıxarılmasının qadağan edilməsi haqqında” qərarı ilə müəyyən edilmiş tələblərin pozulması 1000 lari məbləğində cərimə və müvafiq məhsulun müsadirəsi ilə nəticələnəcək.
Eyni qanun pozuntusunun təkrar törədilməsi isə 2000 lari məbləğində cərimə və məhsulun müsadirəsini nəzərdə tutur.
Hökumətin izahına görə, qida ilə təmasda olan plastik məhsulların istifadəsi həm ətraf mühit, həm də insan sağlamlığı üçün ciddi risk yaradır. Bildirilir ki, bu məhsulların istifadəsinin azaldılması və alternativ vasitələrin tətbiqi davamlı inkişaf məqsədlərinə, eləcə də ətraf mühitin və insanların sağlamlığının qorunmasına xidmət edir.


