19 
May
2026
12:22
142

İrakli Kobaxidze Avropa İttifaqı rəhbərlərinə açıq məktub ünvanlayıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının yüksək vəzifəli rəsmilərinə açıq məktubla müraciət edib.

InterPress.ge xəbər verir ki, məktub Ursula fon der Lyayen, Antonio Koşta və Roberta Metsolaya ünvanlanıb.

Baş nazir məktubunda Gürcüstanın Avropa dəyərlərinə əsaslanan ölkə olduğunu vurğulayıb və qeyd edib ki, insan ləyaqəti, azadlıq, humanizm və milli kimlik gürcü xalqı üçün sadəcə bəyan edilən prinsiplər deyil, əsrlər boyu formalaşmış dəyərlərdir.

Kobaxidze bildirib ki, Gürcüstan tarixi, mədəni və dəyərlər baxımından Avropa məkanının ayrılmaz hissəsidir və Avropa İttifaqına üzvlüyə namizəd ölkə kimi Avropa ailəsinin tamhüquqlu üzvü olmağa çalışır.

Baş nazir məktubda Avropa bürokratiyasını Gürcüstanla siyasi dialoqu birtərəfli qaydada dayandırmaqda ittiham edib.

“Avropa bürokratiyasının Gürcüstana münasibətdə qəbul etdiyi qərar nəticəsində siyasi dialoq birtərəfli qaydada dayandırıldı və bizim təklif etdiyimiz müzakirə və əməkdaşlıq formatları dəfələrlə rədd edildi”, – deyə məktubda qeyd olunub.

İrakli Kobaxidze xüsusilə Kopenhagendə baş verən hadisələrə diqqət çəkib və bunu Avropa dəyərləri ilə uyğun olmayan proses kimi qiymətləndirib.

Baş nazir Avropa İttifaqı rəhbərlərindən Kopenhagendə dinc nümayişçilərə qarşı polis zorakılığına münasibət bildirmələrini tələb edib.

“Dinc aksiya iştirakçılarına əvvəlcə dəyənəklərlə hücum edildi, daha sonra isə onların üzərinə itlər buraxıldı. Bu hadisələri necə qiymətləndirirsiniz?” – deyə Kobaxidze soruşub.

Onun sözlərinə görə, yayılan görüntülər beynəlxalq ictimaiyyətə Avropada narahatedici reallığı göstərib.

“Əgər uzun illər Avropa demokratiyanın, insan hüquqlarının və ifadə azadlığının nümunəsi sayılırdısa, bu gün əks tendensiya daha aydın görünür”, – deyə məktubda qeyd olunub.

Kobaxidze bildirib ki, Avropa İttifaqı artıq özünün əsaslandığı fundamental prinsipləri qorumaqda çətinlik çəkir və bu vəziyyət ciddi suallar doğurur.

Baş nazir məktubda Avropada demokratik geriləmə, iqtisadi durğunluq, miqrasiya böhranı, tarixi yaddaşın zəifləməsi, milli və gender identikliyinin aşınması kimi problemlərə də toxunub.

“Sual yaranır: Avropa bu proseslərlə hara gedir və Avropa İttifaqının gələcək planı nədir?” – deyə məktubda vurğulanıb.

İrakli Kobaxidze qeyd edib ki, Gürcüstan Avropa İttifaqından bu məsələlərlə bağlı aydın cavab gözləyir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər