18 
May
2026
12:12
208

Mamuka Mdinaradze: Tənqidə görə heç kim cəzalandırılmayacaq

Gürcüstanın vitse-baş naziri və hüquq-mühafizə strukturlarının koordinasiyası üzrə dövlət naziri Mamuka Mdinaradze bildirib ki, tənqidə görə heç kimə inzibati cəza tətbiq olunmayacaq.

InterPress.ge xəbər verir ki, Mamuka Mdinaradze bu barədə Daxili İşlər Nazirliyində yaradılacaq yeni xüsusi idarə ilə bağlı danışarkən açıqlama verib. Qeyd edək ki, həmin idarənin əsas funksiyası ictimai məkanda nifrət dili, təhqiramiz kampaniyalar və aqressiv kommunikasiyanın monitorinqi və hüquqi reaksiyanın təmin olunması olacaq.

Mdinaradze sosial şəbəkələrdə yayılan paylaşımlara hüquqi reaksiya verilib-verilməyəcəyi ilə bağlı suala cavabında bildirib ki, məsələyə son hüquqi qiyməti məhkəmə verəcək.

“Bunun ilkin qiymətləndirilməsini Daxili İşlər Nazirliyinin müvafiq idarəsi aparacaq, lakin yekun və əsas qiymətləndirici məhkəmə olacaq. Bu, mənim sadaladığım ölkələrdə də belədir. Məsələn, Böyük Britaniyada ictimai paylaşım tənqid deyil, təhqir elementləri daşıyırsa, təhqir hesab olunur”, – deyə Mdinaradze bildirib.

Onun sözlərinə görə, tənqid və nifrət dili arasında fərq var və yalnız düşmənçilik və qarşıdurma yaradan çağırışlara hüquqi reaksiya veriləcək.

“Tənqidə görə heç kimə inzibati cəza tətbiq olunmayacaq, buna sizə zəmanət verirəm. Amma əgər ümumi qəbul olunmuş beynəlxalq yanaşmaya əsasən konkret ifadə təhqir, düşmənçiliyin qızışdırılması hesab olunursa, bu halda məhkəmə həmin şəxsə qarşı inzibati həbs də tətbiq edə bilər”, – deyə vitse-baş nazir qeyd edib.

Mamuka Mdinaradze vurğulayıb ki, bu praktika artıq bir çox Avropa ölkəsində tətbiq olunur və Gürcüstanın yeni yanaşma icad etməsinə ehtiyac yoxdur.

“Avropa ölkələri nifrət dili, düşmənçiliyin qızışdırılması və qütbləşmə ilə uğurla mübarizə aparırlar. Bu təcrübə Gürcüstanda daha yumşaq formada tətbiq oluna bilər”, – deyə o əlavə edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər