Nikolaz Samxaradze Vatikanın dövlət katibi ilə görüşüb
İtaliyaya səfər çərçivəsində Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikolaz Samxaradze Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə görüş keçirib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüş zamanı əsas müzakirə mövzularından biri Gürcüstanın Avropa inteqrasiyası prosesi olub. Kardinal Pietro Parolin bu münasibətlərdə mövcud problemlərlə maraqlanıb.
Tərəflər Gürcüstanın işğal altında olan regionları – Abxaziya və Tsxinvali bölgəsindəki vəziyyəti də müzakirə ediblər.
Bundan əlavə, Gürcüstanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli və ümumilikdə regional təhlükəsizliyin təmin olunması prosesində mühüm sülhyaratma rolu da görüşün əsas mövzularından biri olub.
Həmçinin həmin gün Gürcüstan parlament nümayəndə heyətinin Roma Papası XIV Leo ilə audiyensiyası keçirilib.
Görüşlərdə parlamentin Hüquqi Məsələlər Komitəsi sədrinin birinci müavini Tornike Çeişvili və Gürcüstanın Müqəddəs Taxt-Tacdakı (Vatikan) fövqəladə və səlahiyyətli səfiri David Meğvabişvili iştirak ediblər.


