14 
May
2026
18:57
273

Birinci sinfə qəbulun III mərhələsi mayın 15-də başlayacaq

2026-2027-ci tədris ili üçün ümumtəhsil müəssisələrində birinci sinfə qəbulun III mərhələsi – ərazi prinsipi üzrə qeydiyyat mayın 15-də saat 09:00-da başlayacaq və mayın 25-i saat 00:00-dək davam edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyi yayıb.

Qeydiyyat onlayn rejimdə Təhsilin İdarəolunması İnformasiya Sisteminin rəsmi internet səhifəsi – registration.emis.ge vasitəsilə həyata keçiriləcək.

Məlumata görə, uşağın sistemdə qeydiyyatını valideyn və ya qanuni nümayəndə aparmalıdır.

Ərazi prinsipi üzrə qeydiyyat 12 pilot şəhərdə həyata keçiriləcək: Tbilisi, Batumi, Kutaisi, Rustavi, Zugdidi, Ambrolauri, Ozurgeti, Axalçixe, Qori, Msxeta, Telavi və Poti.

Qeydiyyat Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin elektron məlumat bazasında 15 aprel 2026-cı il tarixinə qeydiyyatda olan yaşayış ünvanı əsasında aparılacaq.

Yaşayış ünvanı kimi işğal olunmuş ərazilər – Abxaziya, Tsxinvali və Axalqori göstərilən şəxslər üçün məktəb zonası Məcburi Köçkünlər, Ekomiqrantlar və Dolanışıq Mənbələri ilə Təminat Agentliyinin təqdim etdiyi hüquqi ünvan əsasında müəyyən ediləcək.

Elektron qeydiyyatdan keçən şagirdlərin məktəbə qəbul üçün tələb olunan sənədləri təqdim etməsi mayın 27-dən iyunun 12-dək davam edəcək. Müəyyən olunmuş müddətdə sənədlər təqdim edilmədiyi halda qeydiyyat avtomatik ləğv olunacaq.

Valideynlər qeydiyyat başlamazdan əvvəl uşağın hansı məktəbdə qeydiyyatdan keçə biləcəyini aşağıdakı keçiddən yoxlaya bilərlər:

Məktəb zonalarının yoxlanılması

Birinci sinfə qəbul üçün tələb olunan sənədlər:

  • Qanuni nümayəndənin ərizəsi;

  • Qanuni nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti;

  • Şagirdin doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyət sənədinin surəti;

  • Gürcüstanda yaşayış icazəsini təsdiq edən sənəd (mövcud olduqda).

Xarici dildə təqdim olunan sənədlərə Gürcüstan qanunvericiliyinə uyğun şəkildə hazırlanmış gürcü dilinə tərcümə əlavə edilməlidir.

Nazirlik valideynləri qeydiyyat müddətləri və şərtləri ilə diqqətlə tanış olmağa çağırıb ki, uşaqların məktəbə qəbulu vaxtında və problemsiz həyata keçirilsin.

Bizimlə əlaqə saxlayın