Mağazadan mobil telefon oğurlayan yeniyetmə saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları oğurluq ittihamı ilə bir nəfəri saxlayıb, daha üç nəfərin isə cinayətdə iştirakını ifşa ediblər.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, istintaqla müəyyən olunub ki, azyaşlı təqsirləndirilən şəxs əlbir olduğu şəxslərlə birlikdə Tbilisidə yerləşən mağazalardan birinə qanunsuz daxil olub.
Məlumata görə, onlar mağazadan müxtəlif modellərə aid 42 mobil telefon və pul vəsaitini oğurlayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsi qısa müddətdə saxlayıblar. Polis oğurlanmış əşyaların bir hissəsini maddi sübut kimi götürüb.
Nazirliyin açıqlamasına əsasən, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə istintaq aparılır. Sözügedən maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


