Tbilisidə qrup halında törədilmiş qətldə təqsirləndirilən iki nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları ağırlaşdırıcı şəraitdə, qrup halında törədilmiş qəsdən adamöldürmə ittihamı ilə iki nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, istintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslər məişət zəminində baş vermiş mübahisə zamanı vətəndaşa soyuq silahla çoxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçıblar.
Məlumata görə, gənc kişi aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Nazirliyin açıqlamasında qeyd olunur ki, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayəti törədən hər iki şəxs təqsirləndirilən şəxs qismində saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “i” bəndi ilə istintaq aparılır. Sözügedən maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


