08 
May
2026
16:14
172

Mdinaradze: 4 oktyabrda ölkə çox böyük faciədən xilas oldu

Hüquq-mühafizə orqanlarının koordinasiyası məsələləri üzrə dövlət naziri Mamuka Mdinaradze 4 oktyabr hadisələri ilə bağlı məhkəmənin çıxardığı hökmü şərh edərkən bildirib ki, həmin gün ölkə ciddi təhlükədən hüquq-mühafizə sisteminin koordinasiyalı fəaliyyəti sayəsində xilas edilib.

InterPress.ge xəbər verir ki, Mamuka Mdinaradze jurnalistlərə açıqlamasında qeyd edib ki, 4 oktyabr hadisələri zamanı əməliyyata cəlb olunan minlərlə hüquq-mühafizə əməkdaşının peşəkar fəaliyyəti nəticəsində vəziyyət nəzarət altına alınıb və mümkün ağır nəticələrin qarşısı alınıb.

Onun sözlərinə görə, hadisələrlə bağlı əsas sübutlar ictimaiyyətə canlı yayımlar vasitəsilə təqdim olunub və məhkəmə həmin sübutların etibarlılığını təsdiqləyib.

“Gürcüstan sevgisi ölkədə qarışıqlıq yaratmaq və hakimiyyəti devirməyə cəhd göstərməklə ifadə olunmamalıdır. Bu, qeyri-ciddi yanaşmadır və onların qurduğu PR kampaniyası əvvəlcədən uğursuzluğa məhkum idi. Çünki həmin şəxslər cinayət əməllərini canlı yayımda törədirdilər.

Pərdəarxasında baş verənlərlə bağlı isə bizim daha çox məlumatımız var idi. Orada elə detallar mövcud idi ki, bunlar yalnız cinayət faktına deyil, eyni zamanda ölkə üçün ciddi siyasi təhlükələrə işarə edirdi. Əgər onların planları həyata keçsəydi, Gürcüstan çox ağır zərbə ala bilərdi.

Xoşbəxtlikdən hüquq-mühafizə sistemi həmin gün yüksək səviyyədə fəaliyyət göstərdi və həm təqsirləndirilən şəxslərin saxlanılması, həm də insidentin qısa müddətdə neytrallaşdırılması mümkün oldu.

Polisin bütün bölmələri, təhlükəsizlik və xüsusi mühafizə xidmətləri maksimum dəqiqliklə çalışdı. Preventiv tədbirlər vaxtında həyata keçirildi və təhlükənin qarşısı alındı.

Məhkəmə yüksək sübut standartı əsasında təsdiqlədi ki, həmin şəxslər konkret cinayət əməlləri törədiblər. Tam məsuliyyətlə deyə bilərəm ki, ölkə həmin gün çox böyük faciədən yalnız hüquq-mühafizə əməkdaşlarının peşəkar fəaliyyəti sayəsində xilas oldu”, – deyə Mamuka Mdinaradze bildirib.

Qeyd edək ki, 4 oktyabrda Atoneli sarayı yaxınlığında baş vermiş hadisələrlə bağlı mühakimə olunan siyasətçilər Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze, Paata Mancqaladze, Laşa Beridze, İrakli Şaişmelaşvili və digər şəxslər məhkəmə tərəfindən təqsirli biliniblər.

Hakim İrakli Xuskivadzenin qərarına əsasən, Laşa Beridze, Murtaz Zodelava, Paata Burçuladze, İrakli Nadiradze və Paata Mancqaladze 7 il, Tornike Mçedlişvili, Quri Jvania, Nika Qventsadze və İrakli Çxvirkia 5 il, İrakli Şaişmelaşvili isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Bizimlə əlaqə saxlayın