08 
May
2026
15:05
146

Gürcüstanda Diplomatiya Akademiyası yaradılır

Gürcüstan hökumətinin qərarı ilə yeni ali təhsil müəssisəsi – Gürcüstan Diplomatiya Akademiyası yaradılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, hazırda dövlət və özəl universitetlərin müvafiq fakültələri gələcək diplomatlara zəruri bilik və bacarıqların verilməsini tam şəkildə təmin edə bilmir.

Baş nazir qeyd edib ki, Diplomatiya Akademiyası gələn ildən akkreditasiyadan keçdikdən sonra fəaliyyətə başlayacaq.

Kobaxidzenin sözlərinə görə, akademiya aidiyyəti dövlət qurumunun tabeliyində fəaliyyət göstərən təhsil müəssisəsi olacaq və diplomatik xidmət üçün yüksək ixtisaslı kadrlar hazırlayacaq.

“Gürcüstan Diplomatiya Akademiyası diplomatik xidmətlər üçün yüksək ixtisaslı kadrlar yetişdirəcək. Qurum tabeliyində fəaliyyət göstərməsi akademiyada yüksək təhsil və tədqiqat keyfiyyətinin təmin olunmasına kömək edəcək. Bu model əsasında artıq bir neçə ali təhsil müəssisəsi uğurla fəaliyyət göstərir. Məsələn, Gürcüstan Müdafiə Akademiyası, Daxili İşlər Nazirliyinin Akademiyası və Təhlükəsizlik Akademiyası.

Bu uğurlu təcrübəni nəzərə alaraq düşünürük ki, Gürcüstan Diplomatiya Akademiyası da öz funksiyasını uğurla yerinə yetirəcək.

Məqsədimiz diplomatik xidmət üçün yüksək ixtisaslı kadrlar hazırlamaqdır ki, bu da ölkənin xarici siyasət mövqelərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə İrakli Kobaxidze bildirib.

Baş nazir hökumət iclasında xarici işlər naziri Maka Boçorişviliyə və nazirliyin əməkdaşlarına təşəkkür edib.

Bizimlə əlaqə saxlayın