06 
May
2026
15:22
258

Polis tərəfindən 30 milyon lari dəyərində olan narkotik maddə müsadirə olundu

Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə – “metamfetamin” aşkarlanaraq götürülüb.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin direktoru David Kiknadze keçirdiyi brifinqdə bildirib ki, əməliyyat zamanı təxminən 103 kiloqrama qədər “metamfetamin” müsadirə olunub və onun “qara bazar”dakı dəyəri təxminən 30 milyon lari təşkil edir.

DİN-in məlumatına görə, xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və Gürcüstana qanunsuz gətirilməsi faktı üzrə bir nəfər saxlanılıb.

“Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları tərəfindən birgə həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində beynəlxalq narkotik qaçaqmalçılığının daha bir faktı ifşa olunub.

Hüquq-mühafizə orqanları tərəfindən xüsusilə külli miqdarda – 103 kiloqrama qədər “metamfetamin” narkotik vasitəsi aşkarlanaraq götürülüb. Onun “qara bazar”dakı dəyəri təxminən 30 milyon lari təşkil edir.

İstintaqla müəyyən edilib ki, şirkətlərdən birinə məxsus, kaustik soda ilə yüklənmiş yük avtomobili qonşu ölkədən Gürcüstana daxil olub və daha sonra üçüncü ölkəyə göndərilməli idi.

Yükə baxış zamanı kisələrə yerləşdirilmiş xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilib.

Hazırda iş üzrə digər şəxslərin müəyyən olunması və onların cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv kompleks tədbirlər davam etdirilir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə istintaq aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Narkotik cinayətləri ilə mübarizə Daxili İşlər Nazirliyinin əsas prioritetlərindən biri olaraq qalır və hüquq-mühafizə orqanları bu istiqamətdə 24 saatlıq rejimdə fəaliyyət göstərirlər”, – deyə David Kiknadze bildirib.

Bizimlə əlaqə saxlayın