Şota Berekaşvili: Aİ direktivi əsasında bazarda ədalətli ticarət qaydaları formalaşdırılmalıdır
Qiymətlərin tənzimlənməsi üzrə parlament komissiyasının sədri Şota Berekaşvili bildirib ki, bazarda mövcud problemlərin həlli üçün Avropa İttifaqının “ədalətsiz ticarət praktikaları” direktivi əsasında qanunvericilik təşəbbüsü hazırlanmalıdır.
InterPress.ge xəbər verir ki, o, bu barədə komissiyanın yekun iclasında çıxışı zamanı danışıb.
Berekaşvilinin sözlərinə görə, sözügedən direktiv çərçivəsində bir sıra ölkələrdə bazar iştirakçıları arasında mövcud olan qeyri-bərabər münasibətlərin aradan qaldırılması və ticarət əlaqələrinin daha şəffaf, ədalətli və effektiv qurulması istiqamətində mühüm dəyişikliklər həyata keçirilib.
“Bizim tövsiyəmiz ondan ibarətdir ki, bu direktivə uyğun olaraq müvafiq qanun layihəsi parlamentə təqdim edilsin. Parlament bu sənəd üzərində işləyərək sektor iştirakçıları arasında institusional çərçivə formalaşdırmalıdır”, – deyə Şota Berekaşvili qeyd edib.
O vurğulayıb ki, bu proses orta müddətli yanaşma tələb edir, çünki söhbət ölkə iqtisadiyyatının təxminən 21%-ni təşkil edən geniş bir sektordan gedir. Onun fikrincə, bu sahəyə kəskin və aqressiv müdaxilə sistem riskləri yarada bilər.
“İllər boyu formalaşmış problemləri bir gün ərzində aradan qaldırmaq mümkün deyil və belə yanaşma hətta təhlükəlidir. Bu, bazarda qiymətlərin azalmasına deyil, əksinə, şok qiymət artımına səbəb ola bilər”, – deyə komissiya sədri bildirib.
Berekaşvili əlavə edib ki, qanunvericilik sənədinin hazırlanması və tətbiqi müəyyən vaxt tələb edəcək, lakin düzgün yanaşma ilə sistemin 6-9 ay ərzində sağlamlaşdırılması mümkündür.


