30 
Apr
2026
12:28
132

İrakli Kobaxidze: Gürcüstanın Müdafiə Qüvvələri ölkənin müstəqilliyinin əsas təminatıdır

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, ölkə üçün əlamətdar tarix olan 30 aprel müasir müdafiə qüvvələrinin yaranmasının əsasını qoyan gündür.

InterPress.ge xəbər verir ki, baş nazir bu barədə Vazianidə Gürcüstan Müdafiə Qüvvələrinin yaradılmasının 35 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı danışıb.

Kobaxidzenin sözlərinə görə, 1991-ci il 30 aprel tarixində müstəqilliyin bərpası ilə yanaşı ilk çağırışçıların qəbulu həyata keçirilib və bununla da müasir ordu formalaşmağa başlayıb.

Baş nazir vurğulayıb ki, Gürcüstan ordusu hər zaman ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün əsas təminatçısı olub.

“Yarandığı gündən müdafiə qüvvələri bütün döyüşlərdə vətənin azadlığını ləyaqətlə qoruyub. Gürcü hərbçilər tərəfdaş ölkələrlə birlikdə müxtəlif beynəlxalq missiyalarda iştirak edərək qlobal sülh və təhlükəsizliyə töhfə veriblər”, – deyə İrakli Kobaxidze bildirib.

O, çıxışında vətən uğrunda həlak olan hərbçilərin xatirəsini ehtiramla yad etdiyini də qeyd edib.

Kobaxidzenin sözlərinə görə, bu gün Gürcüstanın müdafiə qüvvələri institusional baxımdan tarixində ən güclü dövrdədir. Müasir standartlara uyğun Baş Qərargah, regional komandanlıqlar və xüsusi bölmələrin fəaliyyət göstərdiyini vurğulayan baş nazir hərbi təhsilin inkişafına da xüsusi önəm verildiyini bildirib.

Baş nazir əlavə edib ki, mövcud çətinliklərə baxmayaraq, hökumət ardıcıl sülh siyasətini davam etdirir və eyni zamanda ordu ölkənin təhlükəsizliyini qorumağa daim hazırdır.

Çıxışının sonunda İrakli Kobaxidze yeni çağırışçıları təbrik edərək onların üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb və ölkənin inkişafı üçün sabitliyin qorunmasının vacibliyini qeyd edib.

Bizimlə əlaqə saxlayın